Ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq-deputat Kamilə Əliyeva

Bölmə: Siyasət › ,
Tarix: 10:19 10.12.2023

Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, işğal edilən torpaqları azad edib bütöv Azərbaycan yaradan dövlət başçısı kimi yazıldı. Ölkə başçımız 30 il işğal altında qalan torpaqlarımızı 2020-ci ildə 44 günə azad etdi, 2023-cü ildə isə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

 

Bu Qələbə regionda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etməklə yanaşı bölgədə, eləcə də ölkəmizdə yeni reallıqlar yaratdı. 7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi barədə vəd verdi. Prezidentimiz xalqa verdiyi sözə, vədə əməl etdi. Bu gün müqəddəs Azərbaycan bayrağı Xankəndində, Şuşada, Xocalıda, eləcə də ölkəmizin bütün rayonlarında qürurla dalğalanır.

 

Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul edilən siyasi təcrübədir. Seçkilər vaxtından əvvəl keçirilə və yaxud təxirə salına bilər. Azərbaycanda seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünə inamı, xalqının dəstəyinə əminliyinin ən bariz nümunəsi olacaq.

 

Azərbaycan xalqı hər zaman öz liderinə inanıb və ona etimad göstərib. Prezident cənab İlham Əliyev də xalqa verdiyi bütün vədlərə əməl edib. Bu seçkilərdə də xalqımız öz Prezidentinin yanında olacaq, onun həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyəcək.

 

Azərbaycanın tək regionda deyil, dünyada güclü bir dövlət olmasını istəməyən dövlətlər var. Bu dövlətlər ölkəmizə qarşı təxribatlar törətmək, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirmək niyyəti güdürlər. Bu cür çirkin əməllərin qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib.

 

Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınmasından sonra qəbul edilib. Bununla da seçkilərdə iştirak etmək istəyən siyasi partiyalara ədalətli rəqabət mühiti təmin edilib. Dövlət reyestrindən keçmiş bütün partiyalara seçkilərdə öz namizədlərini irəli sürmələri üçün bütün işlər görülüb. Bütün bunları nəzərə alaraq radikal partiyalar tərəfindən narazılıq nümayiş etdirilməsi qərəzli mövqeyin və potensiallarının aşağı səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilməlidir.

 

Radikal müxalifətin fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir. Bu partiyalar çoxdan xalq arasında öz nüfuzunu itirib. Onların niyyəti ölkədə təxribat yaratmaqla xaricdəki Azərbaycana qarşı yönələn qüvvələrə xidmət göstərməkdir. Xalqımız bu çirkin niyyətlərin həyata keçməsinə imkan verməyəcək.

 

Azərbaycan xalqı torpaqlarımızı düşmən işğalından azad edib, ərazi bütövlüyü və suverenliyimizi bərpa edən, Azərbaycanı gələcəkdə daha güclü və qüdrətli bir dövlətə çevirəcək Liderə - İlham Əliyevə öz siyasi dəstəyini bir daha göstərəcək.

 

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor