"Prezidentin yürütdüyü praqmatik enerji siyasəti həm də təhlükə oxlarını dəf edir"-Politoloq
Bölmə: Siyasət › ,Tarix: 12:46 11.12.2023
"Azərbaycan Prezidenti cənab İlham Əliyev yürütdüyü siyasəti kompleks şəkildə realizə edir. Ən əsas məsələ odur ki, xarici siyasəti milli təhlükəsizliyin mərkəzinə yerləşdirib".
Bu fikirləri politoloq Şəbnəm Həsənova İnformator.az-a açıqlamasında söyləyib .
Politoloq deyir ki, beynəlxalq aktorlar da Azərbaycanın milli təhlükəsizliyinin mərkəzində fəal xarici siyasətin dayandığını qəbul edir.
"Bu baxımdandır ki, hətta ayaqüstü, qeyri-rəsmi görüşlər və təmaslar zamanı liderlər cənab Prezident İlham Əliyevə çətin tapşırıqların öhdəsindən necə gəldiyi sualını da ünvanlayırlar. Həmçinin göstərilən etimadın nəticəsidir ki, Azərbaycan təbii olaraq sərhəd baxımından bəzi ölkələrə qonşu olmasa da, qəlblərdə xüsusi yeri olan dost adlandırılır. Yəni, dövlətimizin ünvanına bu sözləri eşitmək təsadüf olmadığı qədər, həm də birdən-birə qazanılmış nailiyyət deyil".
Şəbnəm Həsənova qeyd edir ki, müasir şəraitdə beynəlxalq əlaqələr həmişəkindən daha vacibdir. Təhdidlər isə əvvəlkindən daha az proqnozlaşdırıla bilər.
"Heç kimə sirr deyil ki, Azərbaycana qarşı zərbələr də getdikcə daha çox qeyri-dövlət aktorlarını əhatə edən çox müxtəlif mənbələrdən gəlir. Bu məqamda isə qeyd etməliyik ki, bu gün imkanlar da dəyişir. Təhlükəsizliyimizi və dəyərlərimizi qoruyarkən dəyişən iqtisadi və siyasi ağırlıq mərkəzlərini istismar etməyə çalışan dairələrə də cavab verməyə hazır olmalıyıq."
Şərhçi düşünür ki, cənab Prezident İlham Əliyevin yürütdüyü olduqca uzaqgörən, praqmatik enerji siyasəti indiki mürəkkəb şəraitdə həm də bu təhlükə oxlarını dəf edə bilir.
"Axı enerji həm də milli təhlükəsizliyin struktur elementlərindən biridir. Biz aktiv və cəlbedici xarici siyasət aparmalı, o cümlədən potensial təhlükələr sahillərimizdə təzahür etməmişdən əvvəl onlarla mübarizə aparmalıyıq. Bu baxımdan da Serbiya və Bolqarıstan kimi açar ölkələrlə əlaqələri dövlət başçımız aktiv olaraq xaraketrizə etdi".
Şəbnəm Həsənova eyni zamanda deyir ki, ixracı və investisiyaları artırmaq, bazarları açmaq, resurslara çıxışı təmin etmək və davamlı qlobal artımı təşviq etməklə Azərbaycanın rifahını qorumaq əsas hədəfdir.
"Elə həm də çox uzağa getmədən dövlət başçımız Serbiyaya səfərə yollanmamışdan öncə “Euronews” televiziyasına müsahibə zamanı ilk suala korrektəsi ondan ibarət oldu ki, Azərbaycanın iqtisadi inkişafının təməlində dayanan əsas məsələ islahatlar, iqtisadiyyatı şaxələndirərək, neft və qaz sektorundan asılılığı azaltmaqdır. Nəzərə alsaq ki, Bolqarıstanın özü də Avropaya Serbiya vasitəsilə çıxır o zaman Serbiya-Bolqarıstan interkonnektoru sadəcə bir neçə ölkə üçün deyil, regionun və böyük bir coğrafiyanın müsbət mənada şaxələndirilməsinə və təhlükəsizliyinə xidmət edir".
Politoloq həmçinin qeyd edir ki, Azərbaycanın təbii qazı yeddisi Avropa olmaqla doqquz ölkəyə ixrac edilir və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.
"Dövlət başçımızın da dediyi kimi, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı olaraq yüksək dəyərləndirirlər. Gələcək planlar haqqında da məlumat verən dövlət başçımız təbii ki, qaz təchizatının coğrafiyasını genişləndirmək hədəfimizdən bir daha söz açdı və bundan sonra Avropa məkanında yeni yaradılacaq interkonnektorların siqnalını da vermiş oldu".
Müsahib əlavə edir ki, bərpa olunan enerjiyə keçid isə bu gün dünya ölkələrinin milli enerji siyasətlərində dəyişiklik üçün katalizator rolunu oynayır.
"Bu məqamda qeyd etməliyik ki, Azərbaycanın əsas hədəfi də yaşıl enerji layihələri ilə bağlıdır ki, dövlət başçımız bu tip tədbirlərin yaşıl enerji ilə bağlı keçiriləcəyini də dedi. Bu gün bir çox dövlətdə dəyişikliklərin çoxu həm bərpa olunan enerjini təşviq etmək üçün açıq şəkildə hazırlanmış, həm də bərpa olunan enerji üçün stimullara və maneələrə dolayı təsir göstərən digər siyasətlərə dərindən təsir göstərir.
Politoloq Bolqarıstan dövlət başçısının Radev də Serbiya – Bolqarıstan interkonnektorunu ümumi maraqların layihəsi adlandırmasından da söz açıb.
"Bu gün biz uğurlu xarici siyasət yürütmək və təhlükəsizlik məqsədlərimizə nail olmaq üçün beynəlxalq tərəfdaşlarla daha sıx işləməliyik. Daha öncəki illərdə inkişaf etməkdə olan güclərlə yüksək inkişaf edən bazarlara can atırdıqsa bir müddətdən sonra aparılan siyasət öz bəhrəsini verdi. İndi Azərbaycan, onun resursları uğrunda rəqabətin şahidiyik".
Şərhçi onu da bildirir ki, regional koordinasiyanı artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlarla da koordinasiya artırılmalıdır.
"Səylərin birləşdirilməsi təkrarlanmanı azaldır, effektivliyi artırır və təkbaşına işləri görməkdən daha az xərc tələb edir. Azərbaycan bir sıra əsas tərəfdaşlarla təhlükəsizlik məsələlərində ikitərəfli müdafiə və təhlükəsizlik əlaqələri qurur".
Sonda olaraq Şəbnəm Həsənova qeyd edir ki, daxili narahat və ya təlatümlü proseslər öncəsi dünya liderləri cənab Prezident İlham Əliyevə şəxsi etimad göstərirlər.
"Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasından gələn müraciət Azərbaycana olan etimadın göstəricisi idi. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verir".
Aynur Babayeva