BMT ziddiyyətli və böhranlı bir dövr keçirir-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:43 11.12.2023
"İlk növbədə qeyd edim ki, BMT bir dövlətlərarası beynəlxalq təşkilat olmaqla yanaşı, həm də beynəlxalq platformadır. Bu platformada 1945-ci ildən bəri bütün dünya dövlətləri öz qarşılarında duran BMT-nin 4 vəzifəsinə uyğun olaraq problemləri müzakirə edirlər".
Bu fikirləri informator.az-a açıqlamasında siyasi şərhçi Sabir Məmmədli söyləyib.
Şərhçi deyir ki, ictimaiyyətin bir hissəsi hesab edir ki, BMT bütün məsələləri həll etməyə qadirdir və qətnamə qəbul etsə, bu məsələlər həll olacaq.
"Amma çoxları bilmir ki, BMT ümumdünya hökumət rolunu oynamır. Çünki onun elə imkanları və səlahiyyətləri yoxdur. Birincisi BMT-nin xüsusi olaraq ordusu yoxdur, hər hansı bir sülhməramlı əməliyyat keçirəndə o, xüsusi qətnamə əsasında dövlətlərin qarşılıqlı razılaşması əsasında müəyyən silahlı qüvvələr yaradır və həmin regionda sülhməramlılar bu missiyanı yerinə yetirir".
Sabir Məmmədli qeyd edir ki, BMT-dən gözləntilər real deyil və normadan artıqdır.
" 1945-ci ildən indiyə kimi BMT faktiki olaraq bir nizamnamə əsasında fəaliyyət göstərir və onun strukturu da müəyyənləşib. Strukturun da əsas çətin məqamı ondan ibarətdir ki, ikinci dünya müharibəsindən sonra BMT-nin əsas səlahiyyət sahibi Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkədir. Bu 5 ölkə də veto hüququna malikdir. Ölkələrdən biri veto hüququndan istifadə etsə, qərar qəbul olunmur. Qərarlar BMT-nin Baş Assambleyasında səs çoxluğu ilə qəbul olunur".
Şərhçinin sözlərinə görə, 1960-cı illərdən sonra BMT çərçivəsində ümumiyyətlə islahat aparılmayıb və indiki vəziyyətdə də BMT böhranlı və ziddiyyətli bir dövr keçirir.
" Bunun bir neçə səbəbi var. Səbəblərdən biri budur ki, bəzi dövlətlər hazırladıqları və həyata keçirmək istədikləri Beynəlxalq hüquq normalarına tam riayət etmirlər. Yəni özləri qəbul etdikləri standart normalardan kənara çıxırlar. Öz maraqlarını diqtə etməyə çalışırlar və bu da sözsüz ki, problem yaradır. Məsələn Rusiyanın Ukraynaya təcavüzü Beynəlxalq hüquq normalarına qətiyyən uyğun gəlmir".
Sabir Məmmədli eyni zamanda qeyd edir ki, BMT-də olan pozuntular son illər çox təəsüf ki, artır.
"BMT-nin Təhlükəsizlik Şurasına daimi üzv olan dövlətlərində artıq güc mərkəzləri formalaşır. Böyük dövlətlər güc toplayıb dünyada söz sahibi olmağa çalışır. Bu mənada güc mərkəzlərinin dünyada sayının artması bir çox ölkələri qane etmir və onlar da tələb edirlər ki, BMT məhz onların da sözünü eşitsin və maraqlarını nəzərə alsın".
Müsahib BMT-de islahatlar olmasının vacibliyini vurğulayır.
" Təklif olunur ki, BMT-nin söz sahibi olan daimi üzvlərinin sayı artırılsın. Digərləri təklif edir ki, İslam Konfransı təşkilatından nümayəndələr də bura daxil olsunlar. Bir qrup insan isə iddia edir ki, Afrika ölkələri burada təmsil olunmur. Dünya nizamında yeni formalaşmış bəzi ölkələr var ki, artıq güc mərkəzi kimi çıxış edir".
Şərhçi həmçinin deyir ki, son dövrlərdə dünyada silahlı toqquşmaların sayı artıb.
" Statistikalar göstərir ki, təxminən son 10 ildə faktiki olaraq dünyada silahlı toqquşmalar və ziddiyyətlər 20% artıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, konkret olaraq BMT-nin müəyyən bölgələrdə sülhməramlı missiyası heç də həmişə özünü doğrultmur və nəticə vermir".
Sabir Məmmədli BMT-də son vaxtlar ən çox müzakirə olunan məsələdən, yəni, Fələstin-İsrail müharibəsindən söz açıb.
" Hazırda Qəzza bölgəsindəki acınacaqlı vəziyyət bütün dünya ictimaiyyətini çox sarsıdır. Bir tərəfdən İsrail dövlətinin zərbə altında qaldığını, yəni HƏMAS təşkilatının İsrail dövlətinə qarşı terror hücumları təşkil etdiyini bütün dünya gördü və bu qəbuledilməzdir. Eyni zamanda biz bilirik ki, İsrail dövləti də HƏMAS təşkilatına qarşı hərbi əməliyyatlara başlamaqla faktiki olaraq Fələstin əhalisinə qarşı kütləvi qırğınlar həyata keçirdi. Çox təəsüflər olsun ki, HƏMAS girovları azad etmir və İsrailə qarşı doğru addım atmır".
Şərhçi sonda dünya dövlətlərinin də BMT çərçivəsində bu müharibəyə son qoyulmasını və sülh prosesinə başlanılmasını tələb etdiyini vurğulayıb.
Aynur Babayeva