Son dərəcə incə diplomatiya tələb edən həssas məqamdayıq-Şəbnəm Həsənova
Bölmə: Siyasət › ,Tarix: 11:42 15.12.2023
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlamasında Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışdıqlarını qeyd edib.
Politoloq Şəbnəm Həsənova informator.az- a açıqlamasında bildirib ki, son günlər Avropa İttifaqı(Aİ) Şurasının Prezidenti Şarl Mişelin fəaliyyəti aktiv, bütövlükdə isə qurumun hədəf və məqsədləri iddialı olmaqla yanaşı, gündəliyi də genişdir.
"Təsisat həm də genişləndirmə siyasəti olaraq Qərbi Balkan regionu ölkələri ilə daha geniş əməkdaşlıq etməyi hədəflədiklərini, Ukrayna və Moldova arasında üzvlük danışıqlarına başlamaq qərarına gəldiklərini açıqladı. Önəmli məsələ region ölkəsi olan Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilməsidir. Yəni, bir sözlə Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət və mübarizə xətti yenidən yüksəldi.
Ermənistan-Azərbaycan vasitəçilərsiz birgə açıqlama verdilər və bunun nəticəsi olaraq əsirlərin dəyişdirilməsi də baş tutdu.
Lakin ümumi prosesə mane olan məsələ cərəyan edən bəzi ritorikadırsa, digər daha önəmli məsələ odur ki, sərhədlərin demarkasiyası, anklavlar, regional iqtisadi və nəqliyyat yollarının açılması kimi fundamental məsələlərdə yekun qərar qəbul olunmayıb".
Müsahib əlavə edib ki, Üçtərəfli bəyanatda təminatçı Rusiya idi, indi kimin təminatçı olacağı uğrunda rəqabət var.
"O da aydın məsələdir ki, son zamanlar regional aktorların sanki obrazlı şəkildə desək, xarici aktorlardan bir-birinə sığınma meyilləri də hiss olunur. Lakin Aİ Gürcüstan vasitəsilə bunu yarır.
Aİ-nin vasitəçiliyi məsələsinə gəldikdə isə buna dövlətimizin rəsmi mövqeyi cənab Prezident İlham Əliyev tərəfindən bildirildi. Dövlət başçımız ADA Universitetinin təşkil etdiyi forumda çıxış edərkən bildirdi ki, imzalamağa konkret, hazır saziş masa üzərində olmayacaqsa, o görüşə getmək uyğun deyil".
Siyasi analitikin sözlərinə görə, istənilən görüş praktiki olaraq həll yönümlü olmalıdır.
"Brüsselin də bunu məqbul hesab etdiyini vurğulayan dövlət başçımızın fikirləri, görünür, ünvanına yaxşı çatıb ki, Aİ indi yenidən və daha da aktivləşməyə başladı.
Şarl Mişelin son açıqlaması nəqliyyat əlaqələri ilə bağlı oldu. Bu əlaqələr birbaşa iqtisadi dividentlər verdiyindən Aİ bu dividentlərdən olmaq, ya da daha az yararlanmaq istəmir. Diqqət yetiriləcək əsas məqamlardan biri budur. O da aydın görünür ki, münasibətlər normallaşmağa doğru getdiyi zamanda rəqabət ümumi prosesdə mənfi fon yaradır.
Düşünürəm ki, son dərəcə incə diplomatiya tələb edən həssas məqamdayıq".
Şəbnəm Həsənova sonda bildirib ki, danışıqların vasitəsizə keçdiyi bir məqamda müqavilənin vasitəli şəkildə Brüsseldə imzalanmayacağı da aydındır.
Nəzrin Mirzəyeva