Süni intellektlə çox qısa müddətdə dəqiq hava proqnozları vermək mümkündür

Bölmə: Araşdırma › ,
Tarix: 22:46 10.01.2024

Google-nin hazırladığı süni intellektə əsaslanan hava proqnozu proqramı olan GraphCast 10 günlük hava proqnozunu bir dəqiqədən az müddətdə görünməmiş dəqiqliklə edə bilər.

 

Hava həyatımıza çox təsir edir. Məsələn, bayıra çıxarkən nə geyinəcəyimizə qərar vermək üçün hava proqnozu proqramlarına baxırıq. Dənizçilik, nəqliyyat və kənd təsərrüfatı kimi bir çox sənaye sahələri üçün sürətli və dəqiq hava proqnozlarına sahib olmaq çox vacibdir.

 

Son illər həyatımızın bir çox sahələrində əsaslı dəyişikliklərə səbəb olan süni intellekt texnologiyalarının ən aktual istifadə sahələrindən biri də hava proqnozlarıdır.

 

Nəticələri “Science” jurnalında dərc edilən araşdırmada müəyyən edilib ki, Google-un hazırladığı GraphCast adlı hava proqnozu tətbiqi 10 günlük hava proqnozlarını etibarlı hava proqnozu modellərindən daha sürətli və daha dəqiq edir.

 

Ənənəvi üsullarda meteoroloji məlumatlar riyazi tənliklərdən istifadə etməklə superkompüterlər tərəfindən hava proqnozlarına çevrilir. Bu riyazi tənliklərin müəyyən edilməsi qabaqcıl təcrübə tələb edir. Bundan əlavə, məlumatları emal etmək üçün superkompüterlərə ehtiyac var. GraphCast isə yüzlərlə kompüterin ənənəvi üsullarla birlikdə işlədiyi superkompüterlərdə saatlarla hesablanmaqla əldə edilən 10 günlük hava proqnozunu bir dəqiqədən də az müddətdə edə bilir.

 

GraphCast, həmçinin ekstremal hava hadisələrini proqnozlaşdırmaq, məsələn, qasırğaların mümkün yollarını və ya daşqın riski olan əraziləri müəyyən etmək üçün istifadə edilə bilər. Məsələn, GraphCast sentyabr ayında Şimali Amerikanın şərq sahillərinə təsir edən Li qasırğasının Yeni Şotlandiyaya çatacağını 9 gün öncədən proqnozlaşdırdığı halda, ənənəvi üsullar 6 gün əvvəl Yeni Şotlandiyaya işarə edirdi. Fəlakətlərə daha yaxşı hazırlaşmağa imkan verən bu məlumatlar sayəsində mümkün ekstremal hava hadisələrinin vurduğu zərərlər azaldıla bilər.

 

Bu texnologiya, həmçinin temperatur qeydləri haqqında qabaqcadan məlumat verir. Məsələn, yer üzündə hər hansı bir bölgənin temperaturunun keçmişdə qeydə alınmış ən yüksək temperatur dəyərlərini keçə biləcəyini proqnozlaşdırmaq olar.

 

Model temperatur, təzyiq, rütubət, küləyin sürəti və istiqaməti kimi həm yer, həm də atmosfer şəraiti haqqında təfərrüatları proqnozlaşdıra bilir.

 

GraphCast, maşın öyrənməsi və dərin öyrənmə süni intellekt üsullarından istifadə edərək onilliklər ərzində hava məlumatları üzrə təlim keçib. GarphCast açıq mənbə modeli olduğundan, bütün dünyada tədqiqatçılar və meteoroloqlar bu texnologiyadan faydalana bilərlər.

 

Mənbə: Bilim Genç Tübitak

 

Tərcümə etdi: Aydan Qasımova