Tarixdə bu gün-Fevzi Çaxmağın doğum günü

Bölmə: Araşdırma › ,
Tarix: 19:55 12.01.2024

Bu gün Türkiyə İstiqlaliyyət Müharibəsinin qəhrəmanlarından olan, Türkiyənin baş naziri vəzifəsində çalışmış, feldmarşal Fevzi Çaxmağın doğum günüdür.

 

Mustafa Fevzi 12 yanvar 1876-cı ildə İstanbulda anadan olub. O, 1882–1884-cü illərdə Rumeli Kavağındakı Sadıq Hoca Məktəbində oxudu. Mustafa Fevzi daha sonra 1890–1893-cü illərdə təhsilinə Kuleli Hərbi Liseyində davam etdi. Kuleli hərbi liseyini bitirdikdən sonra 29 aprel 1893-cü ildə Pangaltıda yerləşən Hərbi liseyinə daxil oldu. 28 yanvar 1896-cı ildə sinif yeddincisi olaraq hərbi məktəbi bitirərək Osmanlı ordusuna qatıldı. Fevzi Çaxmaq 11 aprel 1899-cu ildə 3-cü Ordunun Metroviçada (indiki Mitrovitsa) Şəmsi Paşanın komandanlığı ilə 18-ci nizami diviziyanın (Sekicinsi Nizamiye Fırkası On) qərargah zabiti oldu. Göstərdiyi üstün xidmətlərə görə sürətlə rütbəsi yüksələn 22 dekabr 1913-cü ildə V Korpusun komandiri təyin edildi. Onun korpusu Gelibolu müdafiəsi ilə məşğul idi . 

 

2 mart 1915-ci ildə Mirlivə rütbəsinə yüksəldi. Birinci dünya müharibəsində göstərdiyi rəşadətə görə mükafatlandırılan Fevzi, 28 iyul 1918-ci ildə Ferik rütbəsinə yüksəldi. Lakin 1918-ci ilin avqustunda xəstələndi və müalicə almaq üçün İstanbula getdi. Birinci Dünya Müharibəsindən sonra 24 dekabr 1918-ci ildə Fevzi Paşa Osmanlı İmperatorluğunun Baş Qərargah rəisi vəzifəsinə təyin edildi. Mudros müqaviləsi imzalandıqda sağlamlığı ilə bağlı problemlərə görə İstanbulda idi. 

 

Hərbiyə nazirliyi zamanı Anadoludakı Milli Qurtuluş hərəkatına silah və sursat göndərilməsini asanlaşdıran bir siyasət yürütdü. İstanbulun Antanta tərəfindən rəsmi olaraq işğalından (16 mart 1920) sonra Anadoluya keçməyə qərar verən Fevzi paşa, 27 aprel 1920-ci ildə Ankaraya çatdı. Stansiyada Mustafa Kamal paşa tərəfindən mərasimlə qarşılandı. Milli Qurtuluş hərəkətında üstün xidmətlər göstərən Fevzi İkinci İnönü müharibəsinin zəfərlə nəticələnməsindən sonra 3 aprel 1921-ci ildə rütbəsi Türkiyə Böyük Millət Məclisi qərarı ilə birinci ferikliyə (ordu generalı) yüksəldildi. Kütahya-Əskişəhər müharibələrində mirliva İsmət paşanın tabeliyindəki qərb cəbhəsi ordularının məğlub olub yunanların 1921-ci ilin iyulunda Kütahya, Afyonqarahisar və Əskişəhəri ələ keçirmələrindən sonra İsmət paşanın (İnönü) yerinə TBMM-də Baş qərargah rəisi vəzifəsini də yerinə yetirməyə başladı. 3 avqust 1921-ci ildə Baş vəkillik, Milli Müdafiə vəkilliyi və Erkan-ı Hərbiyə rəisliyi vəzifələrini birlikdə icra etməyə başladı və Sakarya müharibəsi zamanı TBMM rəisi və Baş komandir Mustafa Kamal paşa ilə birlikdə şəxsən cəbhədə hərəkatı idarə etdi. 

 

14 yanvar 1922-ci ildə Milli Müdafiə vəkili, 9 iyul 1922-ci ildə İcra Vəkilləri Heyəti rəisliyi vəzifələrindən ayrıldı və Baş qərargah rəisi olaraq Böyük hücumun hərbi planlarını hazırladı. Zəfərlə nəticələnən Dumlupınar meydan müharibəsindən (30 avqust 1922) sonra 31 avqustda rütbəsi Baş komandir Mustafa Kamal paşanın tövsiyəsi ilə TBMM onu Müşirliyə yüksəltdi. 1924-cü ildə hərbi vəzifəsini siyasətdən üstün bilərək İstanbul Millət vəkilliyindən istefa etdi. Erkanı-Hərbiyə-i Ümumiyə rəisliyi vəzifəsini 23 il yerinə yetirdikdən sonra 12 yanvar 1944-cü ildə 68 yaşında hərbi və mülki Təqaüd Qanununa görə Tahdit-i Sin, yəni yaş həddinə görə təqaüdə sövq edildi. 

 

Fevzi Çaxmaq 10 aprel 1950-ci ildə vəfat etdi. Cənazəsi 12 aprel 1950-ci ildə Əyyub Sultan məscidində olarkən, cənazə namazında yüz minlərlə vətəndaş iştirak etdi.

 

Yusif Mamedov