Tarixdə bu gün-Şah Abbasın anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 09:41 19.01.2024

Bu gün Səfəvi dövlətinin 3 böyük hökmdarından biri, İmperiyanın ən çətin vaxtlarında hakimiyyətə gəlməsinə baxmayaraq imperiyasına hərbi, iqtisadi və siyasi baxımdan qızıl dövrünü yaşadan, Bağdat fatehi-Şah Abbasın anım günüdür.

 

Şah Abbas Səfəvi 27 yanvar 1571-ci ildə anadan olub. O, şəhzadəlik illərində Səfəvi dövlətinin taxt mübarizələri ucbatından dəfələrlə ölüm təhlükəsi ilə qarşılaşır. Onun gənclik illərində Səfəvi dövləti ən çətin dövrlərindən birini yaşayırdı. Osmanlı imperiyası qərbdən, özbəklər şərqdən dövlətin ərazisini işğal edirdi. Dövlətin daxilində qızılbaş əmirləri arasında mübarizələr və Şah Məhəmməd Xudəbəndənin bacarıqsızlığı ucbatından Səfəvilər bütün cəbhələrdə məğlub olurdu. Bu çətin vəziyyətdə taxta çıxan Abbas ilk olaraq düşmənləri ilə ağır şərtlərlərdə də olsa sülh bağladı. Ölkədə sabitliyə nail olduqdan sonra Şah Abbas islahatlara başladı. Başlatdığı islahatlarla imperiyanı gücləndirən Şah Abbas artıq itirilən torpaqları geri qaytarmaq üçün mübarizəyə hazır idi. 

 

Apardığı islahatlarla ordunu gücləndirən Şah ilk zərbəni özbəklərə vurdu. Xorasanı azad etdikdən sonra Şah Abbas babalarınında yurdu olan Azərbaycanı Osmanlı işğalından qurtarmaq üçün müharibəyə başladı. Müharibələrdə parlaq qələbələr qazanan Abbas imperiyanın keçmiş sərhədlərini bərpa etməyi bacardı. Dövlətin keçmiş qüdrətini bərpa etməyi bacaran Şah Abbas sonralar Bağdat və Nəcəfidə ələ keçirməyi bacarır. Bununlada Şah Abbasın dövründə Səfəvi dövləti yüksəlişinin zirvəsinə gəlib çatır. Şah Abbas Səfəvi yalnız uğurlu müharibələrlə yadda qalmayıb. Bu səbəbdəndir ki, onu dövründə İmperiya çiçəklənmə dövrünü yaşayır.

 

Şah Abbasın ölümündən sonra Səfəvilər dövlətində durğunluq dövrü başlayır. Şah Abbasın ölümüdə yaşamı kimi yaddaqalan oldu. O, 1629-cu il yanvarın 19-da "günəş doğan kimi" vəfat etdi. Ölən zaman onun əlli yeddi yaşı var idi və onun qırx iki ilini Səfəvi şahı olaraq keçirdi. Hökmdarlığı boyu şahı yaxından müşahidə edən İskəndər bəy Münşi üçün başqa bir günəş batdı, "ədalət adamlarının kölgəsində sakitlik içində yaşadıqları nurlu bir günəş batdı.

 

Şah Abbas Səfəvi Azərbaycan tarixinin nadir şəxsiyyətlərindən olub. Biz bu böyük hökmdarı hörmətlə anırıq.

 

Yusif Mamedov