Video oyunları oynayan insanlarda eşitmə itkisi riski daha yüksəkdir
Bölmə: Araşdırma › ,Tarix: 22:06 19.01.2024
Beynəlxalq araşdırma, uzun müddət video oyunları oynayan insanların eşitmə itkisi və tinnitus riskinin daha yüksək olduğunu ortaya qoydu.
ABŞ, İsveçrə, Çin və Avstraliyadan olan tədqiqatçılar dünya üzrə təxminən 54 min yetkin və uşağı əhatə edən cəmi 14 araşdırmanı araşdırıb və tapdıqları nəticələr əsasında video oyunları ilə eşitmə itkisi arasındakı əlaqəni ortaya qoyan bir araşdırma aparıblar.
Tədqiqatçılardan biri, audioloq və epidemioloq Dr. Lauren Dillard, "Tədqiqatlar göstərir ki, uzun müddət video oyunları oynayan insanlarda eşitmə itkisi və tinnitus (oynamayanlarla müqayisədə) riski daha yüksəkdir" dedi.
Güclü səsə məruz qalmanın qulaqdakı duyğu hüceyrələrini yorduğunu və bunun eşitməyə mənfi təsir etdiyini ifadə edən Dillard, "Bu, müvəqqəti eşitmə itkisinə və ya qulaqlarda cingiltiyə səbəb ola bilər. Daimi və ya uzun müddətli səs-küyə məruz qalma da daimi eşitmə itkisinə səbəb olur" dedi.
"Eşitmə qabiliyyətinizdəki dəyişikliklərə mütləq diqqət yetirin. Eşitmə itkisinin əsas simptomlarına tinnitus, yüksək səsləri eşitməkdə çətinlik və söhbətləri izləməkdə çətinlik çəkmək daxildir" deyən Dillard, mümkün olduqda səsə məruz qalma miqdarına nəzarət etməyi tövsiyə edir.
Araşdırmanın təfərrüatları "BMJ Public Health" jurnalında dərc olunub.
Aynur Babayeva