Bu tarixdən etibarən sürücülər utilizasiya haqqı ödəyəcək-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 12:14 31.01.2024
Fevralın 1-dən avtomobilini texniki baxışdan keçirən sürücü həm də utilizasiya haqqı ödəyəcək. Bu məbləğin nə qədər olması və hansı nəqliyyat vasitələrinə aid olduğu açıqlanıb. Utilizasiya haqqı təkcə köhnə avtomobillərə aid deyil. Proqramın təyinatına əsasən, ödənilən məbləğ utilizasiya fondunda toplanılacaq və fərqli sistemlə sürücünün özünə geri qaytarılacaq.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu təxminlə pensiya fonduna hər kəsin ödədiyi sosial sığorta kimidir, həmin sosial sığorta orda toplanır, sığorta kapitalını yaradır.
"Yaşa görə və yaxud da başqa səbəbə görə pensiyaya çıxdıqda həmin o sığorta kapitalı onun özünə tədricən qaytarılır. Utilizasiya fondunda da toplanan vəsaitlər avtomobillərin utilizasiyaya qəbul olunması zamanı onun sahibinə ödəniləcək bir dəfəlik müəyyən məbləğ nəzərdə tutulur və həmin məbləğ hələki müəyyən olunmayıb. Nazirlər Kabineti onu da müəyyən edəcək, həmin məbləğin qarşılanması üçündür. Eyni zamanda Azərbaycan istehsalı olan avtomobil almaq istəsə, ona güzəşt müəyyən ediləcək, həmin güzəştin maliyyələşdirilməsi üçündür".
Utilizasiya proqramının, yol-nəqliyyat hadisələrinin sayına və nəticələrinə də təsir edəcəyi proqnozlaşdırılır.
BDYPİ-nin inspektoru Elvin Hacıyev qeyd edib ki, ölkəmizdə qeydə alınan yol nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də qəzada iştirak edən nəqliyyat vasitələrinin köhnəlmiş texniki təhlükəsizlik baxımından yararsız olmasıdır.
"Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə köhnəlmiş, təhlükəsizlik baxımınan ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və tətbiqi istiqamətində əməli işlər görülüb. İlk növbədə qanunvericilik aktlarında o cümlədən yol hərəkəti qanunlarda eləcə də inzibati xətalar və gömrük məcəllələrində dəyişiklik edilib".
Sürücülərdə yaranan suallardan biri, köhnə avtomobilini təhvil vermək məcburiyyətin olub-olmamasıdır.
Ərşad Hüseynov əlavə edib ki, utilizasiya tam könüllülük prinsipi əsasında həyata keçirilir, kim istəmirsə, utilizasiyaya avtomobil verməsin aparsın harda istəyir saxlasın, ona heç kim heç nə deyə bilməz.
"Təkrar edirəm, utilizasiya tam könüllü bir prosesdir və yararsız avtomobillərin yığışdırılmasıdır".
İstehsal müddəti 10 ilə qədər olan maşınlar üçün 10 manat, 11-20 il arası olanlar üçün 20 manat ödənilməlidir. Sahibi, buraxılış dövrü 20 ili ötmüş avtomobilə görə 30 manat, 30 ili ötənlər üçün 40 manat köçürməlidir. Bu məbləğin nəğd formada yox, yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi tələb olunur.