Həmin su qızdırıcılarından istifadə qadağan ediləcək
Bölmə: Sosial › ,Tarix: 13:13 31.01.2024
"Pitiminutka" dediyimiz qaz cihazları ilə bağlı yeni xəbər var. Dəm qazı daha çox bu su qızdırıcısı ilə yayıldığından daha təhlükəli hesab edilir. Bu səbəbdən Azəriqaz mənzillərdə yoxlamalara başlayıb. Hətta bəzi abonentlərə qaz verilməsi dayandırıla bilər. Əslində bu qaz cihazları təhlükəli hesab edildiyindən 1989-cu ildən qərar verilib ki, hamamda quraşdırılmasın.
Maye və Təbii Qaz Obyektlərində İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin rəisi Eldar Əhmədovun sözlərinə görə, yeni tikililərdə istifadə edilməməsinə nəzarət edilsə də, köhnə binalarda belə cihazlar hələ də var.
"Köhnə binalarda su qızdırıcılardan hamam otaqlarında hələ də istifadə olunur. Hamam otaqlarının həndəsi ölçüləri yəni ümumi həcmi kiçik olur, həmin otaqlarda bu günləri tətbiq olunan plastik qapıların, plastik pəncərələrin qoyulması ora daxil ola bilən havanı demək olar ki, minimuma endirir. Mövcud olan hamam otaqlarının mətbəxlə əlaqəsi artıq bütün mənzillərdə demək olar ki, ləğv olunub. Bu baxımdan həmin otaqlara daxil olması və tələb olunan yanmış qazların xaric olunması üçün şəait pozulur. Bu səbəbdən təhlükəsizliyin təmin olunması üçün həmin hamam otaqlarından qaz cihazlarının çıxarılması təmin edilməlidir".
Nazirlər Kabinetinin qərarına əsasən, “Azəriqaz” bununla bağlı yanvarın 1-dən mənzillərdə yoxlama aparır. 1 ay ərzində monitorinq keçirilən 100 minə yaxın evin 90 faizində texniki şərtlərə əməl olunmadığı aşkarlanıb. Protokol tərtib edilib və abonentlərə 1 ay müddətinə vaxt verilib. Həmin şəxslərə öz hesablarına texniki şərti bərpa etmək tapşırılıb.
"Azəriqaz"" İB-in mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, pitiminutka dediyimiz qızdırıcıların götürülməsi ilə bağlı qadağa qoyulması ilə bağlı hərəkətə keçilib.
"Biz 30 gün müddətinə pitiminutka deyilən qızdırıcıların götürülməsini istəyirik. İndi hələlik mübahisəli məqamlar var, onu hansısa formada, hansısa hallarda istifadə etmək olar, ya olmaz. Bu da yaxın vaxtlarda konkretləşəcək. Abonentlər 30 gün müddətində bizim istədiyimiz daha doğrusu, qaydaların tələb etdiyi bu parametrləri yəni texniki şərtdən kənara çıxma hallarını əvvəlki normativlərə qaytarmasalar biz çox təəssüf hissi ilə nazirlər kabinetinin 80 saylı qərarına əsaslanıb həmin abonentin qazının verilişini dayandırmaq məcburiyyətində qalacağıq".
Mənzillərdə yoxlamalar ilin sonunadək davam edəcək.