Sürücülər köhnə avtomobillərini nə vaxtdan utilizasiyaya verə biləcəklər?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:49 02.02.2024
Nəqliyyat vasitələrinin utilizasiyası proqramının təfərrüatları açıqlandı. Sürücülər köhnə avtomobillərini nə vaxtdan utilizasiyaya verə biləcəklər? Nəqliyyat vasitəsini utilizasiyaya verənlərə hansı güzəştlər tətbiq ediləcək? Utilizasiya rüsumu nə qədər olacaq?
ETSN-in şöbə müdiri Faiq Mütəllimov bildirib ki, bu sırf könüllülük əsasında həyata keçirilir.
"Yəni ola bilər ki, kiminsə həyətində və ya hardasa nəqliyyat vasitəsi saxlayır, tamamilə istismara yararsızdır, hərəkət etmir, lakin o yenə də öz nəqliyyat vasitəsini olduğu kimi saxlaya bilər. Hazırda istismar olunmayan, istismara tamamən yararsız lakin müxtəlif məntəqələrdə dayanmış nəqliyyat vasitələri var, bu da hesabın düzgün aparılmasında, qeydiyyatın düzgün olmasında çətinliklər yaradır".
İstismara yararlı avtomobillərin sahibləri isə maşın texniki baxışdan keçirilərkən buraxılış ilinə uyğun olaraq utilizasiya rüsumu ödəyəcəklər. İstehsal müddəti 10 ilə qədər olan maşınlar üçün 10 manat, 11-20 il arası olanlar üçün 20 manat ödənilməlidir. Sahibi, buraxılış dövrü 20 ili ötmüş avtomobilə görə 30 manat, 30 ili ötənlər üçün 40 manat köçürməlidir. Ölkəyə yeni idxal olunan nəqliyyat vasitələrinin sahiblərindən də müəyyən məbləğlər alınacaq.
ETSN-in şöbə müdiri qeyd edib ki, çirkləndirici ödəyir prinsipi beynəlxalq eyni zamanda yanaşmadır, prinsipdir və bu prinsipə uyğun olaraq minik nəqliyyat vasitələrinin idxalı zamanı yenə də burda yaşından, istehsal ilindən asılı olaraq 4 ildən 7 ilə qədər olanlardan 400 manat, daha 7 ildən yuxarıdırsa, 700 manat idxal rüsumu olacaq.
"Eyni zamanda texniki baxışda da eynilə istismar ilinə uyğun olaraq ödənişlər müəyyən edilib".
Sürücülərdən toplanılan məbləğ yeni yaradılan utilizasiya fondunda toplanılacaq. Yığılan məbləğ avtomobillərini utilizasiyaya verən sürücülərə birdəfəlik ödənişlərin verilməsində və güzəştlərin tətbiq olunmasında istifadə olunacaq.
"Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Etibar Abbasov bildirib ki, bu fond məqsədli fond olacaq.
"Məqsədli fond nə deməkdir? Yəni bilirsiniz ki, bu fond büdcə tərkibində olan fondu və büdcədə də qayda bir mənalı olaraq belədir ki, il bitənən sonra bütün orda olan qalıq vəsaitlər büdcəyə köçürülür. Amma burda bizdə belə deyil. Bu məsələdə müzakirə zamanı da əsas məqsədimiz o olub ki, bura daxil olan vəsaitlər növbəti ildə də istifadə oluna bilsin".
Nəqliyyat vasitəsi olanların utilizasiya prosesini rahat izləyə bilmələri üçün aidiyyəti qurum tərəfindən proqram təminatı da yaradılacaq.
Etibar Abbasov əlavə edib ki, artıq işə başlanıb ki, bu proqramı proqram təminatı üzərindən quraq, tam olaraq avtomatlaşdıraq, yəni burda həmin proqramda kim iştirak edəcəksə, vətəndaşlar və digər hüquqi şəxslər də ola bilər.
"Proqram təminatı vasitəsi ilə ərizə ilə müraciət edəcəklər və burda da artıq özləri də onu izləyə biləcəklər ki, hansı mərhələdədir. Bunların icrası və eyni zamanda müvafiq dövlət orqanları da həmin proqram təminatına daxil ola biləcəklər və hərə öz funksiyasına uyğun olaraq ordan izləyə biləcəklər".
Utilizasiya proqramı ekoloji mühitin təmizlənməsinə və avtomobil parkının yenilənməsinə kömək edəcək. Eyni zamanda bu proqram bir çox yeni iş imkanları da yaradacaq.
"Təmiz Şəhər" ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib ki, bu sahədə operatorun qeydiyyatını apardığı müvafiq utilizatorlar fəaliyyət göstərəcək.
"Həmin utilizatorlar əlbəttə ki, müəyyən nəzarət mexanizmləri əsasında fəaliyyət göstərəcəklər, onlar tullanıların idarə olunması sahəsində tələblərə cavab verməlidilər, xüsusi lisenziyalar və icazələr əsasında fəaliyyət göstərəcəklər. Və bu da eyni zamanda öz növbəsində bir çox iş yerlərinin yaranmasına səbəb olacaq, təkrar emal bazarının genişlənməsinə səbəb olacaq".
Utilizasiya rüsumu bu gündən işə düşüb. Bu məbləğin nəğd formada yox, yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi tələb olunur. Utilizasiya prosesinə isə sentyabırın 1-dən etibarən başlanılacaq.