DİN E-Polis mobil tətbiqi istifadəyə verildi -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:43 02.02.2024

Daxili İşlər Nazirliyi mobil tətbiq istifadəyə verib. Bütün əməliyyat sistemlərində quraşdırılması mümkün olan e-polis proqramı vətəndaşa özü, nəqliyyat vasitəsi, sənədləri haqqında bir çox məlumatlara heç yerə getmədən baxmaq, arayış və digər sənədlər üçün onlayn müraciət etmək imkanı verir.

 

Tətbiqə daxil olduqda burda bölmələr açılır, məsələn avtomobillərim bölməsinə daxil olduqda şəxsin avtomobili çıxır və o hissəyə daxil olduqda avtomobil haqqında ümumi məlumatlar öz əksini tapır. Daha sonra bu hissəyə daxil olduqda burda vətəndaşın nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, nəqliyyat vasitəsinin zədələnməsi, hətta məhkumluq haqqında arayış,ölkədəngetmək hüququnun olub-olmaması, işğaldan azad olunmuş ərazilərə gedə bilmək üçün icazəsinin olub olmaması öz əksini tapır. Sənədlərin hissəsinə daxil olduqda burda sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, etibarnamələr, arayışlar haqqında da məlumatlar toplaya bilər.

 

Proqram vasitəsi ilə vətəndaşlar avtomobillərinin texniki baxışına dair məlumatları və cərimələrini rahatlıqla görə biləcəklər. Tətbiqin özəl funksiyalarından biri də budur ki, yaşayış yerindən arayışı hər hansı quruma müraciət etmədən online yolla əldə etməyə imkan verir.

 

DİN-in əməkdaşı Ağgül Həmidzadə bildirib ki, bu tətbiq vasitəsi ilə vətəndaşlar DİN-in heç bir qurumuna yaxınlaşmadan DİN-in göstərdiyi bir çox xidmətlərdən online formada yararlana biləcəklər. 

 

"Bu tətbiqin işlənib hazırlanmasında əsas məqsəd polis- vətəndaş münsaibətlərində aşkarlığın, şəffaflığın, əlçatanlığın təmin edilməsidir. Bu tətbiqi vətəndaşlar "App store", "Google store" və "Play market" tətbiqlərindən yükləyə bilərlər və bu zaman onlar "ASAN login" və yaxud da "FİN" nömrəsi ilə qeydiyyatdan keçməklə orda təklif olunan xidmətlərdən istifadə edə bilərlər".

 

Elektron polis tətbiqi hətta vətəndaşlara Daxili İşlər orqanlarında xidmət göstərmək üçün müraciət etməyə də imkan yaradır. Qeyd edək ki, bütün müraciətlər yazılı forma ilə yanaşı, tətbiqdə olan virtual 102 bölməsi vasitəsi ilə səsli və ya video şəklində də göndərilə bilər.