Zəngəzurun müqəddəratı necə olacaq?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:42 16.02.2024

Qarabağ zəfərindən sonra Zəngəzurun müqəddəratı məsələsi Azərbaycan ictimaiyyətində geniş müzakirə edilir. Bəzi ekspertlər hesab edir ki, Zəngəzursuz Azərbaycanın şimalı bütövləşmir və gələcəkdə təhdidlər, eskalasiyalar qaçılmaz hal ala bilər. Maraqlıdır, elə bir tarixi məqam yetişə bilərmi ki, məsələ qarşılıqlı razılaşma yolu ilə həll edilsin? 

 

Məsələ ilə bağlı politoloq Elçin Abdullayev "informator.az"-a açıqlamasında bildirib ki, Zəngəzur məsələsi haqda fikir yürüdərkən, əvvəl söhbətin Zəngəzurun hansı bölgəsindən getməsinə nəzər salınmalıdır.

 

"Əgər söhbət bütövlükdə Qərbi Zəngəzurdan gedirsə, bu məsələ Azərbaycan üçün nə rahat, nə də uyğun bir məsələdir. Çünki bu gün Ermənistan dövlətinin ərazisi beynəlxalq aləm tərəfindən rəsmən tanınır və bizim Qərbi Zəngəzur adlandırdığımız ərazidə Ermənistanın dörd rayonu, o cümlədən Sisyan, Gorus, Qafan və Mehri rayonları yerləşir. Bu rayonlara nəzarəti ələ almaq Azərbaycan üçün heç də rahat məsələ deyil".

 

Politoloq qeyd edir ki, rəsmi Bakı da həmin ərazilari nəzarətə götürmək üçün iddia irəli sürməyib. 

 

"Yox, əgər söhbət Mehri üzərində gedən koridorun açılmasından gedirsə, bu məsələdə müəyyən razılaşmalar ola bilər. Əgər yad qüvvələr bu prosessə əngəl olmasaydı, Ermənistanla Azərbaycan ikilikdə bu məsələni çoxdan həll etmiş olardı. Ona görə ki, bu dəhlizin açılması nəinki Azərbaycan, həm də Ermənistana sərfəlidir. Bunun səbəbini Ermənistanın 30 ildən çox blokada şəraitində olmasıdır".

 

Elçin Abdullayevin fikrincə, dəhlizi açılması Ermənistanın Azərbaycanla münasibətlərində yaxınlaşmaya gətirib çıxara bilər, eyni zamanda blokadadan çıxarmış olar. 

 

"Bununla bərabər Türkiyə ilə də münasibətlərində kifayət qədər yumşalmalar və istilik meydana gələ bilər. Ona görə də Azərbaycanla Ermənistanın iradəsinə qalarsa, bu sərhəd çoxdan açılmalı idi. Lakin Dünyanın bir çox nöqtələrində olduğu kimi bizim də regionumuzda böyük güclərin xüsusilə də, Qərb dünyası ilə Rusiyanın arasında amansız bir savaş aparılır".

 

Politoloq həmçinin qeyd edir ki, artıq Zəngəzur bölgəsinin Mehri rayonundakı dəhlizin açılması bu savaşın predmetinə çevrilməkdədir.

 

"Bu savaş Azərbaycanla Ermənistan arasında deyil, İrəvanla Moskva arasında aparılır. Çünki Moskva həmin kolidora öz iddiasını qoyub. Rəsmi İrəvan isə Rusiyanın deyil məhz Ermənistanın bu əraziyə nəzarət etməsini istəyir. Bu baxımdan ortaq nöqtə tapılmadığı üçün bu proses uzadılır. Təbii ki, geopolitik mənzərəyə diqqət edərkən bu prosesin yaxın zamanlarda həll ediləcəyini söyləyə bilmərik. Ümumiyyətlə Qafqazda və Zəngəzurda sülhün bərpa olunmasında əsas oyunçular ya geri çəkilməlidir, ya da bu oyunçulardan biri məğlub olmalır. Bu oyunçular isə ABŞ rəhbərliyində olan Qərb dünyasıdır, digər tərəfdə isə Rusiyadır. Bu iki güclərin arasında aparılan savaşa nöqtə qoyulmadıqca dünyada, o cümlədən Qafqazda tezliklə sülhün bərqərar olunması mümkün deyil".

 

 

Gülay Qəribova