Sülh gündəliyindəki əsas iki problem nədir?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:39 16.02.2024
"Ermənistanın təxribat törətməkdə birdən çox hədəfi var. Ermənistanın məqsədi sülh prosesini ləngitməkdən daha çox sülh gündəliyini dəyişir".
Bu sözləri “informator.az”a açıqlamasında Ermənistanın törətdiyi təxribatların sülh prosesinə zərbə vurması barədə danışarkən siyasi şərhçi Asif Nərimanlı deyib.
Asif Nərimanlının sözlərinə görə, sülh gündəliyində əsas iki problemli məsələ qalır:
"Birinci, kommunikasiyanın hansı prinsiplə hazırlanması və sərhəd delimitasiyası məsələsidir. Rəsmi Bakı sənədin delimitasiya məsələsi uzun prosesli məsələ olduğu üçün bunu sonraya saxlamağı təklif edir və sülh sazişinin yerində imzalamaq lazım olduğunu bildirir.
Ermənistan bunu özü üçün sərfəli hesab etmir. Çünki Ermənistanın əsas məqsədi qoşunların geri çəkilməsinə nail olmaqdır. İşğal dövründə Ermənistan sərhədi böyük ölçüdə qanunsuz olaraq irəli çəkdi. Misal üçün Qafan Hava Limanı istiqamətində böyük bir ərazi neytral zona kimi istifadə edilirdi. Halbuki, bu ərazilər işğal edilmiş Azərbaycan əraziləri idi. 44 günlük müharibədən sonra Azərbaycan ordusu həmin istiqamətdə dövlət sərhədini bərpa etdikdən sonra Qafan Hava Limanı ordumuzun vizual nəzarətinə keçdi.
Ermənistan işğal dövründə dövlət sərhədi hesabına Azərbaycan torpaqlarından həm əkinçilik, həm maldarlıq üçün istifadə etsə də, Azərbaycan bunu bərpa etdi.
Bu gün Ermənistan Azərbaycan qoşunlarının geri çəkilməsi üçün çalışır. Onlar da bilirlər ki, bu məsələ sülh prosesinə daxil edilməsə, sonradan Azərbaycandan bunu tələb edə bilməyəcəklər. Onlar istəyirlər ki, SSRİ-nin son illərdəki,1970-ci illərdən sonrakı xəritələri daxil etsinlər. Ancaq bunlar Azərbaycanın maraqlarına uyğun deyil. Bu, SSRİ dövründə Ermənistana otlaq və əkin sahəsi adı altında "bağışlanan" torpaqların qaytarılmasını, anklavlar məsələsini sual altına salır".
Müsahibin sözlərinə görə, təxribatlar Ermənistana sərf edir:
"Çünki təxribatlar olduğu müddətdə Ermənistan bir tərəfdən təxribat törədib həm eskalasiya edir, həm də göstərir ki, qoşunların geri çəkilməsi həyata keçirilməsə, sərhəddə təhlükəsizlik və atəşkəs mümkün olmayacaq.
Avropa ittifaqı Müşahidə Missiyası da bu prosesdə Ermənistan üçün qoruyucu rol oynayır. Avropa Müşahidə Missiyası göstərir ki, Ermənistanın "qoşunların geri çəkilməsi prinsipi" olmasa, bu ərazilərin təhlükəsizliyini müşahidə etmək olmayacaq.
Digər məsələ Zəngəzur dəhliziylə bağlı sülh sazişinin bağlanması məsələsidir. Qərb ölkələri Rusiyanın bu dəhlizdə olmasını istəmədikləri üçün Ermənistanı dəstəkləyir. Amma Azərbaycan bundan çıxış yolu üçün "Azərbaycandan Azərbaycana" prinsipini irəli sürüb. Bunun üçün Kalininqrad təcrübəsidə təklif olunur. Azərbaycandan Naxçıvana gedən sərnişinlər, daşınan yüklər gömrük yoxlaması və sərhəd yoxlanışından azad edilir. Digər ölkələr bu marşurutdan istifadə edərsə, Ermənistan buna gömrük rüsumları tətbiq edə bilər. Azərbaycanın bu təklifi də yeganə çıxış yoludur".
Asif Nərimanlı sonda bildirib ki, Ermənistan eskalasiya yaratmaqla bu gündəliyi dəyişməyə çalışır.
"O bunları arxa plana keçirmək və öz gündəliyini irəli sürmək istəyir. Son təxribatın da Zəngəzur dəhlizinin keçdiyi marşrut istiqamətində edilməsi də buna hesablanıb. Ermənistan həm də göstərmək istəyir ki, Zəngəzur dəhlizi məsələsi əgər dəhliz kimi (Azərbaycanın dediyi kimi) qoyularsa, bu da bölgənin təhlükəsizliyini təhdid edir. Proses göstərir ki, əslində bundan sonra bu cür təxtibatlar bu və ya digər formada davam edə bilər. Ermənistanın məqsədi hərbi üstünlüyü qazanmaqdan daha çox siyasi məqsədlərdir: sülh gündəliyini dəyişmək və öz maraqlarına uyğunlaşdırmaq. Çünki Ermənistanda anlayır ki, hərbi baxımdan Azərbaycan ordusunun qarşısında dayana bilməyəcək. Son təxribatda verilən adekvat cavabın nəticələridə bunu sübut edir".
Banuçiçək Kalbalıyeva