İlham Əliyev: Azərbaycan bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir
Bölmə: Siyasət › ,Tarix: 13:20 17.02.2024
Azərbaycan milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir.
"İnformator.az" xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib.
"Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir", - İlham Əliyev vurğulayıb.