Ukraynanın taleyi dəyişir?

Bölmə: Siyasət › ,
Tarix: 19:12 19.02.2024

Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında debat zamanı bütün artilleriyalarını Ukraynaya təhvil verdiklərini bildirib.  Nazir qeyd edib ki, hal-hazırda Avropa ölkələri anbarlarda saxlanılan sursatları Kiyevə göndərməlidir.

Danimarkanın bu köməyinin Rusiya-Ukrayna münaqişəsinə necə təsir edə biləcəyi maraq mövzusudur

 

Bu addım Ukrayna üçün qələbə şansını artırırmı?

 

Hərbi-siyasi ekspert Həşim Səhrablı məsələ barəsində ‘’informator.az’’-a açıqlama edib.

 

Ekspert vurğulayır ki, son zamanlarda tək Danimarkanın yox, Avropa Birliyinə üzv olan bir çox ölkələrin simasında artıq Ukraynaya dəstək məsələsinin artırılması istiqamətində ciddi fikirlər səsləndirilir.

 

"Xüsusilə, ABŞ-da konqresin Ukraynaya yardımı dəstəkləməməsi fonunda Avropada bir növ Ukraynanın məğlub olması və Rusiyanın ‘’önünün açılması istiqamətində’’ narahatlıqlar artır. Hətta Borelin  belə bir açıqlaması var ki, ‘’yaxın 3 ayda əgər Ukraynaya dəstək verilməzsə, münaqişənin taleyi həll edilə bilər’’. Bu halda məlumdur ki, Rusiya artıq istəyinə nail ola bilər. Bu da Avropanın öz təhlükəsizliyini ciddi şəkildə sual altına qoyacaq.


Danimarkanın  Ukraynaya bu qədər ciddi bir güzəşt getməsi məhz bu kimi narahatlıqların nəticəsində baş verir. Çünki heç bir ölkə Ukraynanın məğlub olmasını və ya Rusiyanın qələbə qazanıb Avropaya qapısının açılmasını istəmir".

 

Müsahib deyir ki, Danimarkanın rahat şəkildə Ukraynaya yardım göndərməsinin səbəbi ondadır ki, Danimarka Avropanın mərkəzində yerləşir, onun sərhədlərini təhdid edən heç bir ölkə yoxdur.

 

"Danimarka silahsız qalsa belə, onun sərhədlərində hər hansı bir dövlət ərazi iddiası irəli sürüb, hücum edəcək bir vəziyyətə düşməyəcək. Ona görə də Danimarka öz arsenalından Ukraynaya hədiyyə kimi dəstək göndərməyə rahat bir şəkildə razı ola bilir.

Ukrayna hər hansı sıradan bir dövlət ilə münaqişədə deyil. Ona qarşı hərbi əməliyyat keçirən ölkə dünyanın ən böyük 2-ci ölkəsidir. Həmin ordu ki, ən çox nüvə başlığına malik olan ölkədir. Onun artilleriyası, raketləri, canlı qüvvəsi və s. etibarilə bütün sahələrdə dünyanın ən hazırlıqlı və geniş imkanlara malik olan ölkədir. Ukrayna o halda Rusiyaya qalib gələ bilər ki, həqiqətən AB-dan olan çağırışlar öz yerini tutsun. Bütün ölkələr birmənalı şəkildə həlledici bir dəstək versinlər. Yalnız bu hal baş verərsə, Ukrayna Rusiya üzərində üstünlük qura bilər.

Təbii ki, Ukrayna tək-tək ölkələrin yardımları, aylıq yardımlar ilə  Rusiya kimi böyük bir ölkəni asanlıqla məğlub edə bilməz. Sadəcə müharibənin uzanmasına hesablanan addımlardır ki, qələbə ilə bitməyən bu münaqişə öz maraqları üçün daha uyğundur. Çünki belə olan halda Rusiya öz gücünü Ukraynadan kənara çıxara bilmir. Danimarkanın göstərdiyi yardım ilə Ukraynanın taleyinin həll olması ehtimalı isə çox aşağıdır. Bu, sadəcə Ukrayna ordusu üçün dirəniş ola bilər’’.

 

 

Sevinc Yarməmmədova