Türkiyə və Yunanıstan rəsmilərinin görüşü: - PƏRDƏARXASI

Bölmə: Siyasət › ,
Tarix: 22:14 19.02.2024

Fevralın 18-də Türkiyə xarici işlər naziri Hakan Fidan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis ilə görüşüb.

 

Görüşü şərh edən politoloq Hasan Oktay "İnformator.az"a açıqlamasında bildirib ki, Münxendə keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan bir çox həmkarı ilə görüşlər keçirib:

 

"Xüsusilə Yunanıstanla görüşün keçirilməsi daha çox diqqət çəkib. Çünki Ərdoğanın ötən aylarda Yunanıstana səfəri, fevralın 14-də Misir səfəri Şərqi Aralıq dənizində enerji ehtiyatlarının çıxarılması məsələsini gündəmə gətirib. Ötən ilin sentyabrında Nyu-Yorkda keçirilən BMT-nin toplantısında Ərdoğan Yunanıstanın baş naziri ilə İsrailin baş naziri Misir rəsmiləriylə görüşüb. Görüşdə dördtərəfli sülh razılaşması üçün zəmin hazırlanıb. Lakin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu regional sülhün təxirə salınmasına səbəb oldu. Bu məqamda Türkiyə Misirlə Yunanıstan arasında münasibətləri yaxşılaşdırmaq və eyni zamanda İsraillə davamlı dialoqa başlamaq istəyir. Bunun əsas səbəbi Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının Avropaya təhlükəsiz şəkildə daşınması məsələsidir".

 

Qeyd edək ki, görüşdə ikitərəfli və regional əlaqələr, siyasi dialoq, etimad quruculuğu tədbirləri çərçivəsində atılacaq addımlar, o cümlədən, Yunanıstan Baş nazirinin Türkiyəyə səfəri üçün hazırlıqlar müzakirə edilib.

Vüqar Alışov