Münxen görüşləri Azərbaycan üçün nə vəd edir?

Bölmə: Siyasət › ,
Tarix: 19:57 20.02.2024

"ATƏT-in Minsk qrupu müəyyən müddət ərzində fəaliyyətsiz idi və birtərəfli qaydada həmsədrlərdən biri onu ləğv etdi. Belə ki, 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini dedi. Rəsmi Moskva Ukrayna müharibəsi ilə əlaqədər olaraq digər həmsədrlər ABŞ və Fransanın onlarla birgə işləmədiyini əsas gətirərək bu addımı atdı. Ermənistan isə qurumun canlandırılmasına çalışırdı. Lakin Əliyevin “Qarabağ münaqişəsi başa çatıb” arqumenti bu təşəbbüsü mümkünsüz edir".

 

Bu fikirləri Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı üçün Almaniyaya səfəri və görüş zamanı bir sıra inkişaf yönümlü mövzularla yanaşı, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinə toxunulması mövzusunu politoloq Turan Rzayev "informator.az" a şərh edərkən söyləyib.

 

Politoloq qeyd edir ki, ümumi olaraq nəzər yetirsək, onu demək olarki, cənab prezident ilə Münxen Təhlükəsizlik Konfransında görüşmək istəyən bir sıra nümayəndələr var idi və onlardan biri də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basson idi:

 

"Təbii ki, tərəflər arasında müzakirə məsələsi olan Azərbaycan-Ermənistan münasibətləri mövzu olaraq siyasi olsa da, müzakirələrin daha çox iqtisadi təməl üzərində getdiyini demək olar. Lakin münaqişə faktiki olaraq bitib. Qurum münaqişənin sülh yolu ilə həlli məqsədi ilə yaradılıb. Geridə qoyduğumuz 30 il ərzində həmsədrlərin regiona əhəmiyyətsiz səfərləri ilə buna nail oluna bilmədi. Əksinə ildən-ilə Ermənistanın “konyak diplomatiyası”na aludə olan həmsədrlər ciblərini dolduraraq tərəfsizliyi itirdilər. Nəticədə İkinci Qarabağ müharibəsi başladı və proses Azərbaycanın hərbi yola əl atması ilə tənzimləndi. Bu və ya başqa formada bu gün “Dağlıq Qarabağ” adlı bir münaqişə yoxdur. Hazırda böyük qayıdış və onun əsasını təşkil edən yenidənqurma siyasəti aparılır. Yenidənqurma siyasəti çərçivəsində isə Qarabağın bərpa prosesi gedir. Minalanmış ərazilərin təmizlənməsi, əraziyə investisiyanın cəlb edilməsi, habelə yeni trendlərin, innovativ texnologiyaların regionda praktikası və təcrübəsinin keçirilməsi kimi məsələlər aktualdır və hər biri əlavə vəsait tələb edir". 

 

Turan Rzayev əlavə edir ki, Azərbaycan öz daxili resursları ilə əməkdaşlıq etdiyi ölkələr ilə müəyyən irəliləyişlər əldə etsə də, şübhəsiz ki, kənar dəstəyə, xüsusilə də Avropa Yenidənqurma və İnkişaf Bankının investisiyasına ehtiyacı var:

 

"Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinə toxunulmasının əsas səbəbi, iqtisadi əsasların sığortalanması məsələsidir. Yəni Azərbaycan-Ermənistan arasında yeni bir gərginlik baş verərsə, adı çəkilən qurum da Azərbaycana investisiya ayırarsa və ya kredit verərsə, yenidənqurma prosesinin müharibə ilə yenidən dağılabilmə məsələsi gündəmdədir və çox ehtimal ki, görüşdə bu mövzunun müzakirəsi də yer alıb. Bununla da,müəyyən detalların, onların müzakirəsinin burada yer alması görüşü artıq xarakterizə etmiş olur".

 

Aytac Kərimova