TDT-nin Zirvə görüşü Şuşada keçiriləcək

Bölmə: Siyasət › ,
Tarix: 23:05 20.02.2024

Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

 

Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

 

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlət başçısı deyib:

 

“Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

 

Prezident İlham Əliyevin Ankara çıxışında səsləndirdiyi fikirlərini “informator.az”a şərh edən Politoloq Oqtay Qasımov qeyd edib ki, Azərbaycan prezidentinin Ankarada səsləndirdiyi fikirlər onun and içmə mərasimində söylədiyi fikirlərin davamı kimi qiymətləndirilməlidir:

 

"Dünən Türkiyə prezidenti ilə müzakirə olunan əsas məsələlərdən biri Türk dünyasının birlik olması məsələsi idi. Türk Dövlətləri Təşkilatının bundan sonrakı fəaliyyəti, dövlətlərarası münasibətlərin daha ciddi şəkildə inkişafının yüksək səviyyəyə qaldırılması və gələcək perspektivdə bu təşkilatın qlobal güc mərkəzlərinin birinə çevrilməsi ideyası bu müzakirələrin əsasını təşkil edir. Türk dünyasının birlik olması hər birimizin istəyidir və Türk Dövlətləri arasında münasibətlərin inkişafı bütün müstəvilərdə iqtisadi, siyasi, mədəni, hərbi-texniki, enerji, nəqliyyat məsələlərində əlaqələrin inkişafı bütün dövlətlərin mənafeyinə uyğundur".

 

Oqtay Qasımovun fikrincə, vacib olan məsələlər Türk Dövlətlərində birləşən dövlətlərin bütün istiqamətlərdə öz fəaliyyətlərini koridinasiya etmək, əlaqələndirmək və ortaq mənfəətlər istiqamətində hərəkət etməkdən ibarətdir:

 

"Azərbaycan Respublikasının Prezidentinin qeyd etdiyi kimi, bu istiqamətdə ardıcıl, sistemli fəaliyyət göstərilirsə o zaman təbii ki, Türk Dövlətləri Təşkilatı nüfuzlu beynəlxalq quruma çevrilə bilər. Qeyd etmək yerinə düşər ki, Türk Dövlətləri Təşkilatı yarandığı gündən etibarən xeyli yol qət edib. Bu proses sürətlə davam edərsə, bütün dövlətlərin maraqlarına uyğun olacaq.

 

Tehran Yusifli