Ərdoğandan İrəvana mesaj
Bölmə: Siyasət › ,Tarix: 12:58 21.02.2024
Ərdoğandan İrəvana mesaj: "Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirilməlidir".
Türkiyə prezidentinin bu fikirlərini "informator.az"a şərh edən Milli Məclisin üzvi Rauf Əliyev bildirib ki, türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində əsas məsələ kimi gündəmdə dayanır:
"Prezident İlham Əliyev hər zaman bu çağırışı edir ki, biz birlikdə güclüyük. 44 günlük Vətən müharibəsi postmünaqişə dövrünün reallıqları bir daha bu birliyin təqdimatı oldu. Hər zaman Azərbaycanda Türk dünyasının birliyinə müsbət tövsiyə verib. Qeyd etmək lazımdır ki, şanlı ordumuzun Vətən müharibəsi zamanı qələbəsi də Türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Prezident İlham Əliyev 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə bir daha belə bir əminliyi ifadə etdi ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir, eyni zamanda güclü iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Prezident cənab İlham Əliyev 2023-cü ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə bu çağırışı etdi ki, Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Azərbaycanın Şanlı ordusunun tarixi Zəfəri regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi".
Rauf Əliyev qeyd edib ki, Türk ailəsinin birliyinə müsbət təsirin göstəricisi olaraq qeyd etmək olar ki, cənab İlham Əliyevin türkdilli dövlətlərə ardıcıl səfərləri, eyni zamanda Türk dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə və imzalanan sənədlərə diqqət yetirmək kifayətdir:
"Hər bir imzalanan sənəd münasibətlərin inkişafında hüquqi bazadır. Cənab İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında bu məqamı xüsusi qeyd edib ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib. Türk dövlətlərinin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev son iki ildə Qazaxıstana üçüncü dəfə səfər edib. Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğala son qoyduğunu bildirərək qeyd etdi ki, “Can Azərbaycan Vətən müharibəsindən sonra 30 illik işğala son verdi. Beləliklə, sülhə bir addım da yaxınlaşdıq. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”".
Deputat əlavə edib ki, Azərbaycan ordusunun tarixi Zəfərindən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması günümüzün əsas məsələsidir:
Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci tarixli üçtərəfli Bəyanatının imzalanmasından keçən dövr ərzində Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımların qarşılığında Ermənistanın qeyri-konstruktiv mövqeyi, məsələyə laqeyd yanaşması diqqətdən kənarda qala bilməz. Ermənistan rəhbərliyinin tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunu bərpası istiqamətində mənasız, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq cəhdlərini müşahidə edirik. Cənab İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistana ciddi mesajdır. “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib”, - deyən cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Minsk qrupunun həmsədrləri arasında, yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq Minsk qrupu qeyri-funksionaldır. Ermənistan bir tərəfdən ölkəmizin irəli sürdüyü beş prinsipi qəbul edir, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin bərpa edilməsinə çalışır. Unutmaq lazım deyil ki, artıq Qarabağ münaqişəsi həll olunub".
Çimnaz Məmmədova