Azərbaycan AŞPA-ya qayıdacaq?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:46 21.02.2024

Gürcüstanın və onun timsalında digər dövlətlərin AŞPA-ya müraciət edərək onu Azərbaycanla bağlı qərarın ləğv olunmasına çağırmaları sual doğurur.

Bəs Azərbaycan AŞPA-ya qayıda bilər?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Gürcüstanın bu addımı ilk addım deyil:

 

"Bu dövlətlərin marağı əsasən ondan ibarətdir ki, Avropa Şurası Parlament Asambleyasında nə qədər dost ölkənin çoxluğu olarsa, bu həmin ölkələrin də siyasi və geosiyasi maraqlarına uyğun olsun. Eyni zamanda bu ölkələrin hər biri ayrı-ayrılıqda dost ölkələrdir və ən çətin durumlarında Azərbaycanı hər zaman yanlarında görüblər. Ona görə də bu ən azından bir dostluq gərəyi olaraq düşünülməlidir". 

 

Ekspert bildirib ki, bu nə qədər müsbət jest olsa da, Azərbaycan üçün olmazsa olmaz bir seçim variantı deyil:

 

"AŞPA-da üzv olduq nə, üzv olmadıq nə? O cür dişsiz, anti-Azərbaycan təşkilatlarda üzv olub, illərlə, milyonlarla üzvlük haqqı vermək heçdə Azərbaycan dövlətinin maraqları çərçivəsində deyil. Ancaq əlbəttə ki, bütün müraciətlərin fonunda Azərbaycanın etimadnaməsinin ləğv edilməsi ilə bağlı qərar geriyə çağrılıb ləğv olunarsa, əlbəttə Azərbaycan geriyə qayıtmaq haqqında düşünə bilər. Çünki Azərbaycan hər bir zaman bütün dövlətlərlə o cümlədən Avropa dövlətləri və Avropa Strukturları ilə normal əməkdaşlıqdanyana siyasət yürüdür. Bu gün Azərbaycan hər hansı bir beynəlxalq təşkilatla, strukturla konfrantasiyaya getməkdə o qədər də maraqlı deyil. Hər bir halda nə qədər dişsiz təşkilat olsa belə AŞPA-da bir tribunadır. Və bu tribunanı düşmənlərə buraxmaq Azərbaycanın siyasətinə uyğun bir davranış olmazdı".

 

Natiq Miri sonda söyləyib ki, Azərbaycanın bu gün ən həyati, strateji məsələ olaraq Avropa strukturlarına daha çox inteqrasiya etmək ehtiyacı yoxdur:

 

"Türk Dövlətlər Təşkilatının daha güclü inteqrasiyasına ehtiyacı var. Və burda da əsas iki lokomativ ölkədən biri Azərbaycandır. Çünki bu birlik nə qədər ciddi inteqrasiyaya uğrayarsa əlifba, dil, mədəni, siyasi, hərbi, iqtisadi- hər cəhətdən bir yumruq, bir ürək ola bilərsə bu, Avrasiya məkanının, Türk Cümhuriyyətlərinin nəzarətində olduğu anlamına gələcək ki, bu da bir formulaya uyğun olacaq. Belə ki, adətən Avrasiyada kim hökmüran olacaqsa, dünyaya da hökmüran olan güc mərkəzi olacaq. Bu anlayışla Azərbaycanın AŞPA-dan mandatının ləğv olunması dediyimiz strateji hədəflər fonunda o qədər də strateji deyil. Ancaq səhvlərini başa düşüb qərar geriyə çevrilər və ləğv olunarsa, Azərbaycan əməkdaşlıqdan yanadır".

 

 

Banuçiçək Kalbalıyeva