Bizlə istər siyasi, istərsə də hərbi mühit olaraq Ermənistan adına Fransa danışacaq-Elxan Şıxalıyevdən AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 18:49 22.02.2024

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəklərini bildirib.

 

"Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək”.

 

Fransa lideri qeyd edib ki, ölkəsi Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir.

 

"Biz Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olmasını istəyirik və bu mənada regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır".

 

Hərbi ekspert Elxan Şıxalıyev Makronun bu addımıyla bağlı fikirlərini "İnformator.az" la bölüşüb.

 

Ekspert qeyd edir ki, Ermənistan baş nazirinin Fransa səfərini bir neçə istiqamətdə qiymətləndirmək lazımdır:

 

"Bunlardan başlıcası sürətli silahlandırmanın həyata keçirilməsi, xüsusilə də Fransa ilə hərbi-texniki əməkdaşlıq istiqamətindədir.
Artıq  bilməliyik ki, bizlə istər siyasi, istərsə də hərbi mühit olaraq Ermənistan adına Fransa danışacaq, çünki Fransa qərarlıdır ki, Ermənistan ərazisini növbəti poliqona çevirsin bunun üçün iki istiqamətdə dəstəyini davam edəcək. Bir hərbi-texniki, digəri hərbi.

Hərbi-texniki odur ki, Fransa ikinci, üçüncü dərəcəli  silahlanmasında istifadəyə yararsız hərbi-texniki avadanlığını Ermənistana verəcək və bunun üzərindən sülh sazişinin imzalamamaq üçün cəsarətləndirəcək.

Ermənisan hərbi-təhsil sistemini Fransa ilə birlikdə hərbi məktəblərdə zabit mübadiləsi ilə həyata keçirəcəklər. Gələcəkdə Ermənistan Fransa ilə bu əməkdaşlığı davam etdirsə, fransadilli orduya da sahib ola bilər, çünki Ermənistan zabitləri Fransanın hərbi akademiyalarında oxuyacaqlar".

 

Ekspert Azərbaycan və Türkiyənin bu coğrafiya da strateji maraqları barədə də fikirlərini vurğulayır.

 

"Ermənistan nə qədər silahlansa da, silahlanmanın arxasındakı maliyyə vəsaitlərini üstələyə bilməyəcəyi üçün Azərbaycana qarşı hər hansı revanşla müharibə etmək qabiliyyətinə malik deyil. Ermənistan sülh sazişi üzərindən siyasi qərar qəbul etməlidirlər, amma Fransa sülh tərəfli qərara mane olacaq ki, müharibə davamlı olsun, bu coğrafiya üzərində təsirlərini davam etdirsinlər".

 

 

Çimnaz Məmmədova