İlk addımı Azərbaycan yox, AŞPA atmalıdır-Yusif Bağırzadə

Bölmə: Siyasət › ,
Tarix: 21:19 22.02.2024

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxarılması bəzi ölkələr tərəfindən bir mənalı qarşılanmayıb. Gürcüstan və onun timsalında digər ölkələr prosesin həll yollarını axtarmağa çalışaraq AŞPA-ya müraciət etməyə başlayıblar. Bu isə sual doğurur. AŞPA-nın bu müraciətlərə münasibəti necə olacaq?

 

Bu barədə "İnformator.az"a açıqlama edən politoloq Yusif Bağırzadə bildirir ki, Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadzenin AŞPA sədrinə Azərbaycanla bağlı qərarın ləğvinə çağırışla ünvanladığı məktub ilk belə məktub deyil.

 

"Bundan əvvəl Türkiyə, Ukrayna, Serbiya, Macarıstan və ayrı-ayrı beynəlxalq qurumların da oxşar məktubları olub.
Təbii ki, bu ölkələr Azərbaycanın AŞPA- da fəaliyyətini davam etdirməsində maraqlıdırlar. Burada həm müttəfiqlik münasibətləri rol oynayır, həm də AŞPA-nın özünün fəaliyyətindəki ikili standartlara münasibət göstərilmiş olur".

 

Müsahibin sözlərinə görə, istənilən normal ölkə Azərbaycanla bağlı qəbul edilmiş qərəzli qərarın AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələrini dərk edir və təbii olaraq bundan narahat olur.

 

"Hər kəs dərk edir ki, Azərbaycanla bağlı qəbul olunan qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna xələl gətirir.
Odur ki, ayrı-ayrı ölkələr  belə qərarların Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmasını, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə biləcəyini nəzərə alaraq oxşar müraciətlər imzalayırlar.


Bu kimi məktubların AŞPA-nın qərarına necə təsir edəcəyinə gəldikdə isə düşünürəm ki, əgər onlar bu tip qərarların Avropa İnstitutlarının gözdən düşməsinə səbəb olduğunu dərk etsələr, o zaman qərarı da dəyişəcəklər. İndi Azərbaycan və AŞPA münasibətlərinin normallaşması bizdən çox onların özlərinə lazımdır. Odur ki, ilk addımı da biz yox, məhz Fransa kimi ölkələrin təzyiqi altında bu cür qərəzli qərarlar qəbul edən AŞPA rəhbərliyi atmalıdır".

 

 

Banuçiçək Kalbalıyeva