Azərbaycan Ermənistan arasında yeni müharibə ?-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 17:42 26.02.2024

Ermənistanın Azərbaycanla sərhəddə intensiv şəkildə təxribatlara əl atır. Eyni zamanda Ermənistan Fransadan yeni silah-sursat alması göz önündədir. Bu hadisələr nədən xəbər verir?

 

Bu barədə "informator.az"a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Ermənistan sərhədində təhlükəsizlik rejiminin son dövrlər intensiv şəkildə pozulması planlaşdırılan təxribatdır:

 

"Ermənistanın xarici siyasəti Parisdən və digər mərkəzlərdən müəyən olunur. Məhz Fransanın təhriki ilə Ermənistan bölgədə təxribatları davam etdirir. Məqsəd bölgədə gərginliyin saxlamaq və bununla da sülh prosesini əngəlləmək, onun vaxtını uzatmaq və bu gərginliyin fonunda Fransanın bölgəyə daha intensiv formada yerləşməsinə şərait yaratmaqdan ibarətdir. Belə ki, Fransa hazırda Ukranya-Rusiya cəbhəsində yaranan vəziyyətdən istifadə edərək, ikinci cəbhəni açmağa çalışır. Bununla da strateji məqsədlərini həyata keçirmək, Rusiyadan Afrika qitəsində aldığı məğlubiyyətlərin qisasını almaq istəyir. Fransa bölgəyə Qafqaza yerləşməklə həm Rusiyanın bölgədən çıxarılmasını təmin etmək istəyir, həm də özünü Şimali Afrikada və Şərqi Aralıq dənizi sektorunda əsas rəqiblərindən biri olan Türkiyəyə bir formada təzyiq etmək istəyir. Ermənistanda yerləşməklə Türkiyənin Şərqə doğru nüfuzunun yayılmasının qarşısını almaq istəyir".

 

Politoloq əlavə edib ki, Rusiyanın bu məsələlərə münasibəti hələki təmkinli olmaqdır:

 

"Rusiya hesab edir ki, bu gün üçün Ermənistanın davranışları onun maraqlarına ciddi təsir törətmir. Əgər Ermənistan Rusiyanın maraqlarına ciddi təsir törədərsə, ciddi tədbirlər həyata keçirə bilər. Rusiya Paşiniyana təsir etmək üçün yumşaq gücdən istifadə etməyə hələki üstünlük verir. Bütün hallarda Rusiya nə qədər Qafqazda zəifləsədə, Ermənistanda kifayət qədər ciddi imkanları qalmaqdadır. Ermənistan həm hərbi güc baxımından, həm də enerji sektorunda iqtisadiyyatın əhəmiyyətli hissəsi, həmçinin idxal-ixrac potensialının Rusiya və Rusiyanın təminatlıq etdiyi Avrasiya İttifaqından asılıdır. Ermənistanın ictimai-siyasi mühitində Rusiya tərəfdarlarının genişliyini nəzərə alsaq, görürük ki, Rusiyanın Ermənistana təsir imkanları hələ də davam edir.

 

Müsahibin sözlərinə görə, Ermənistan üzərində bu geopolitik savaşın nəticələri daha çox Ukranya-Rusiya savaşının nəticələrindən asılı olacaq:

 

"Ermənistan məqsədi havadarlarının təşviqi və təhriki ilə revanş duyğularını inkişaf etdirmək yəni yeni savaşa hazırlaşmaqdan ibarətdir. Ermənistan hökuməti və cəmiyyəti düşünür ki, Fransadan müasir silahlar almaqla ordusunu yenidən quraraq, Azərbaycan ərazilərini yenidən işğal edib, onları geri qaytara bilər.
Fransanın əsas istəklərindən biri də bölgənin loqistik imkanlarından istifadə etmək və onu nəzarətə götürməkdir.
Xüsusilə Zəngəzur dəhlizi bu mənada çox əhəmiyyətlidir. Qərb dünyası 100 il əvvəl olduğu kimi Zəngəzur bölgəsindən Türkiyəyə qarşı ən əsasda türk dünyasına qarşı istifadə etmək istəyir. Yeni savaş ola bilərmi ? Bəli, belə bir ehtimal görünməkdədir. Ermənistanın bu davranışları bele bir toquşmanın qaçılmaz olduğunu göstərməkdədir".

 


Vüqar Alışov