Azərbaycanın təklif etdiyi sülh formatına nə mane olur ?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 17:50 26.02.2024

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə deyib ki, prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər.


Məsələ ilə bağlı siyasi şərhçi Elmir Səftərov ‘’informator.az’’-a açıqlamasında  bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü "3+3" platforması region ölkələri arasında sabitliyin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və müxtəlif maraqların uzlaşdırılması baxımından dünyada baş verən geosiyasi problemlər fonunda olduqca əhəmiyyətli idi:


''Nəzərə alsaq ki, region ölkələri arasında tarix boyu münaqişələr, müharibələr hökm sürüb, Azərbaycan və Türkiyənin dəstəklədiyi bu əməkdaşlıq modeli bir çox problemlərin həllinə yardım edə bilər, xarici müdaxilələri isə zərərsizləşdirər. “3+3” platforma­sı hazırda “3+2” platforması kimi fəaliyyət göstərir, çünki Gürcüstan Rusiya ilə münasibətlərinin yaxşı olmaması səbəbindən bu platformada fəal deyil. Azərbaycan-Türkiyə-Gürcüstan ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malik olsa da, "3+3" modelində istənilən potensial ortaya qoyulmur".


Elmir Səftərov qeyd edib ki,  üçtərəfli əməkdaşlıq əlaqələrini artırmaq üçün həm hərbi, həm də siyasi sahədə işlər görülür:


"Görüşlərin əsas məqsədlərindən biri təhlükəsizliyə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsidir. Bu baxımdan Gürcüstan Qərbin təbliğatına uymamalı və müstəqil siyasət yürütdüyünü ortaya qoymalıdır. Çünki Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır.
Avropa İttifaqı Gürcüstana namizəd statusunun verilməsindən sonra müəyyən təzyiqlər edir, qarşısına tələblər qoyur. Bunlardan biri də yəqin ki, Rusiya ilə münasibətləri Qərbin direktivləri əsasında aparılmasıdır. Eyni zamanda, Azərbaycanla və Türkiyə ilə də əlaqələrdə müəyyən tövsiyələr edilir. Ona görə də Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinin inkişafı region üçün böyük əhəmiyyət daşıyır. Gürcüstan çalışıb, Qərbdən asılılığını minimuma endirməlidir. Bu, çətin olsa da, hazırkı vəziyyətdə çıxış yollarından biridir və səmimi əməkdaşlığa öz töhfəsini verə bilər’’.

 

Sevinc Yarməmmədova