"Girovların müəyyən bir hissəsi azad olunsa da, müharibənin bitməsi hələ tezdir"-Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 20:08 26.02.2024
Birləşmiş Ştatlar yaxın günlərdə girovların azad olunması və Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı danışıqlar aparan tərəfllərin yekun razılığa gələ biləcəyinə ümid edir. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN telekanalına müsahibəsində deyib. "İsrail, ABŞ, Misir və Qətər nümayəndələri Parisdə görüşərək girovların azad edilməsi və müvəqqəti atəşkəslə bağlı razılaşmanın əsas müddəaları barədə öz aralarında razılığa gəliblər. Mən təfərrüatlara varmayacağam, çünki danışıqlar hələ də davam edir", - Baydenin köməkçisi bildirib. Mövzu ilə bağlı politoloq Oqtay Qasımov İnformator.az ilə fikirlərini bölüşüb.
Oqtay Qasımovun fikirlərinə görə, İsrail-Fələstin müharibəsi ərzində bir neçə dəfə müvəqqəti atəşkəs əldə olunub.
"Girovların müəyyən bir hissəsi azad olunsa da, ancaq müharibənin bitməsi hələ tezdir. Çünki İsrail tərəfi birmənalı şəkildə Həmasın bütün girovları azad etməsini tələb edir. Bu baxımdan Amerika və İsrailin Misir və Qətərdən girovların azad olunmasına və bütün səylərini ortaya qoymasını istəməsi təbii qarşılanmalıdır".
Politoloq qeyd edir ki, Həmasa ciddi şəkildə təsir edən ölkələrdən biri Qətərdir.
"Qətər Misir ilə Qəzza zolağında yerləşdiyindən bölgədə müəyyən təsirlərə malikdir. Onlar ciddi şəkildə səyləri ortaya qoyduqları təqdirdə müəyyən nəticə əldə edə bilərlər. Təbii ki Həmasın arxasında dayanan güclər yalnız bunlar deyil. Bu məsələnin asan şəkildə həll ediləcəyini düşünmək çətindir. Bu kifayət qədər ciddi problemdir. Müharibənin dayanması İsrailin öz hədəflərinə nail olmasından sonra mümkün olacaq. Bu hədəflərdə bəllidir və İsrail tərəfindən dəfələrlə elan olunub. İsrail Həmasın hərbi qanadının tam şəkildə sıradan çıxarılmasını istəyir. Bu istiqamətdə də fəaliyyətini davam etdirir".
Fatimə Mustafayeva