Ruslardan gürcülərə mesaj: Elə seçimlər edin ki...

Bölmə: Siyasət › ,
Tarix: 23:25 26.02.2024

"Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri fonunda etirazlar başlaya bilər". Bu sözləri rusiyalı politoloq Aleksandr Dudçak deyib. O, ölkədə yeni inqilab riski barədə xəbərdarlıq edib. Politoloq bildirib ki, parlament seçkilərindən sonra vəziyyət dəyişə bilər. Onun fikrincə, Gürcüstan müxalifəti etiraz aksiyaları təşkil etməyə çalışacaq.

 

Rusiyalı politoloqun fikirlərini "informator.az"a şərh edən siyasi şərhçi Kazım Kazımov bildirib ki, Rusiyanın Gürcüstanı itirməklə bağlı bir çox narahatedici faktorlar var:

 

"Gürcüstan və Rusiya münasibətləri Sovetlər İttifaqı hətta dağılmadan öncə də kifayət qədər gərgin idi. Gürcüstan Milli azadlıq hərəkatı dövründə- 9 apreldə güclü xalqının fəallarının açıq şəkildə qətlə yetirilməsi və ondan sonra Zviad Qamsaxurdiyanın çoxradikal millətçi iqtidarı, daha sonra təcrübəli və kifayət qədər Kremli yaxından tanıyan və SSRİ-nin keçmiş Xarici İşlər Naziri Eduard Şevardnadzenin iqtidara gəlməsi, müəyyən dərəcədə gürcü-rus münasibətlərini 1990-cı illərdə yumşaltdı. Lakin Mixeil Saakaşvili hakimiyyətə gəldikdən sonrakı sərt açıqlamaları və Cənubi Asetiya ilə Abxaziya üzərindəki hərbi əməliyyatlara başlamaq cəhdi Rusiyanın kəskin reaksiyasına səbəb oldu. 2008-ci ilin avqust ayında Rusiya hərbi müdaxilə edərək Abxaziya və Asetiyada gürcü hərbi qüvvələrini məğlub etdi. Hətta Tiflisin qapılarına qədər yaxınlaşdırdı. Avropa İttifaqının bəzi ölkələrini və Amerikanın xüsusi xahişi və təzyiqi ilə Rusiya Tiflisə girməmişdi. Onsuzda o dövrdə Kremlin açıqlamalarında açıq şəkildə bildirdilər ki, bizim məqsədimiz Tiflisi ələ keçirmək deyildi. Sadəcə Cənubi Asetiya və Abxaziyanın müstəqilliyini qorumaq olduğunu dedilər. Ondan sonrakı dövrdə Mixeil Saakaşvili hər nə qədər islahatçı və üzü Avropaya və Qərbə tərəf olan bir lider kimi tanınsa da, ancaq 2008-ci il hadisələrindən sonra sürətlə nüfuzunu itirdi. Gürcüstandakı növbəti seçimlərdə Mixeil Saakaşvili keçmiş şöhrətini bərpa edə bilmədi və siyasətdə müxalifətə düşmək məcburiyyətində qaldı və həbs dönəmi başladı".

 

Şərhçi "Gürcü arzusu" partiyasının hakimiyyətindən danışıb:

 

"Bu partiya Rusiyanın bölgədəki gücünü bilir, bununla hesablaşmağa çalışır. Nə Mixeil Saakaşvili kimi, nə də Ziyad Qamsaxurdiya kimi çoxradikal addımlar atır. Amma buna rəğmən Avropa ilə müəyyən yaxınlaşmalara da gedir. Bilirik ki, Gürcüstan Avropa İttifaqına namizədliyə üzv Respublikaya çevrildi. Hərbi əməkdaşlıq məsələsində, NATO məsələsində isə daha təmkinli davranır. Çünki NATO-nun Cənubi Qafqaza gəlməyinə Rusiyanın münasibəti çox sərt olacaqdı. Gürcüstan bölgədəki prosesləri də çox yaxşı oxumağı bacarır. "Gürcü arzusu" digər bölgə ölkələri ilə də razılaşaraq hərəkət etməyə çalışan, dialoq tərəfdarı olan bir hakimiyyətdir".

 

Kazım Kazımovun fikrincə, Gürcüstanın daxilində bəzi problemlər var:

 

Gürcüstan iqtisadiyyatı hələ də əhalinin istədiyi inkişaf səviyyəsinə çatmayıb. Gürcüstanda da müəyyən dərəcədə xüsusi oliqarxik təbəqə meydana gəlib. Bu təbəqə xüsusən, Tiflis və Batum kimi böyük şəhərlərdə finans ticarət şəbəkəsini əllərində tuturlar. Bu gün gürcü xalqının monopoliyaya, oliqarxik sistemə qarşı təbii ki, öz narazılıqları var. Onlar fikirləşirlər ki, maddi sərvətlər yetəri şəkildə əldə olunmur. Bu da "Gürcü arzusu"nun da son dövrlərdə nüfuzunu itirməsinə səbəb olub. Ancaq İvanaşvilinin partiyasına baxdığımızda "Gürcü arzusu partiyası" hələ də ən az 30-40 faizin üzərində göstərirlər".

 

Müsahibin sözlərinə görə, Gürcüstanda parlament seçkiləri yenə də "Gürcü arzusu"nun üstünlüyü ilə keçəcək:

 

"Belə olan təqdirdə Rusiya bu hadisələrdən məmnun qalacaq. Çünki Gürcüstan son dövrlərdə çox antirusiya söyləmlərində çıxış etməməsi, Rusiyanın Gürcüstanı dost olmayan ölkələr siyahısına salmaması, hətta Cənubi Asetiyanın Rusiyaya qayılmaq referendum təklifinə Moskvanın rədd cavabı verməsi bunu deməyə əsas verir. Bu onu göstərir ki, Tiflislə Moskva arasında yeni dialoq arayışı var. Moskva heç vaxt istəmir ki, yeni bir Saarkaşvili iqtidarına bənzəyən Qərb yönümlü bir iqtidar hakimiyyəti meydana gəlsin. Bu gün Rusiya politoloqlarına bu düşüncə ilə baxdığımızda, onlar da üstü qapalı şəkildə gürcü elitasına mesaj verməyə çalışırlar ki, əgər siz 2024-cü ilin axırındakı seçkilərdə radikal Qərb yönümlü qüvvələrə səs versəniz, ölkənizdə yeni hadisələr baş verəcək. 1993-cü il Kitovani üsyanı, 2008-ci ildə 6 günlük müharibə və s. Rusiyanın birbaşa və ya dolayı yolla iştirak etdiyi hadisələr idi. Ona görə də bu üstüqapalı bir mesajdır ki, siz də elə seçimlər edin ki, bölgəmizdə yeni problem meydana gəlməsin".

 

Şəmsiyyə Cəfərquluzadə