Ermənistan sülh prosesini niyə ləngidir?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 16:04 28.02.2024

Artıq neçəci dəfədir ki, XİN başçıları görüşür və müəyən razılaşmalar əldə olunur və bir neçə gün sonra Ermənistan yenə təxribata əl atır. Bəs bu dəfə də Ermənistanın təxribata əl ataraq sülh prosesini ləngitmə ehtimalı varmı?

 

Bu barədə politoloq Tural İrfan "informator.az"a açıqlamasında bildirib ki, Ermənistanın müstəqil siyasət apara bilməməsi regionda bəzi məsələlərin həllini ləngidir:

 

"Əvvələr Rusiyanın, indi də Fransa kimi Qərb ölkələrinin diktəsi ilə addım atan, bəzən də diktə edənlərin bir neçəsinin arasında tərəddüd etməyə vadar olan Ermənistan əslində özünə ziyan vurur. Ona görə ki, masada olan sülh müqaviləsi məsələsi, sərhədlərin delimitasiya və demarkasiyası gecikdikcə proseslər də inkişafa doğru ləngiyir. Ermənistan İran, Fransa və bəzi başqa Qərb ölkələrinin, bəzən də Rusiyanın maraq və diktəsinə xidmət edir. Çünki quruluşundan bu yana bu dövlət başqalarının maraqlarına işləmək üçün nəzərdə tutulub. Ermənistanın anlaşma məsələlərində ləngiməsi, tərəddüd etməsi, bəzən də yayınması vaxt qazanmağa hesablanıb və himayədarları da müəyyən vədlər verilər. Məsələn, Fransa, Hindistan, İran Ermənistanı silahlandıraraq revanşist niyyətlərə təşviq edir. Ermənistan da hesab edir ki, bəlkə zamanı uzatmaqla hansısa üstünlük əldə edə bilər və müəyyən məsələlərdən imtina edə, yaxud öz planını irəli sürə bilər. Ancaq bu əsla uğurlu niyyət deyil. Çünki Azərbaycan bu ötürülən vaxtdan da səmərəli istifadə edir, öz siyasi kursunda Ermənistansız da uğura nail ola bilər. Şübhəsiz ki, itirilən bu zaman ancaq Ermənistanın ziyanınadır. Daha doğrusu Ermənistan guya öz xeyrinə vaxtı uzatdıqca, yayındıqca Azərbaycan da bu zamanı öz xeyrinə istifadə edə bilir. Məsələn, İranın farsdilli ölkələrin birliyini yaratmaq niyyəti, Zəngəzurda hərbi baza qurmaq istəyi, Fransa və Hindistanın Ermənistanı silahlandırması Ermənistan hakimiyyətində boş ümidlər yaradır ki, bəlkə vaxt ötürməklə himayədarlarının sayəsində hansısa nailiyyət əldə etsin. Ancaq səmimi siyasət aparsalar Türkiyə və Azərbaycanın təklif və təqdim etdiyi layihələr çərçivəsində heç bir qonşu ölkə kənarda qalmır, əksinə mənfəətə, daimi sülhə nail olur".

 

Politoloqun fikrincə əvvəlki  görüşlərdə olduğu kimi bu görüşdə də müəyyən razılaşmalar ola bilər:

 

"Ancaq Ermənistanın daxilindəki müəyyən qüvvələrin təsiri ilə Ermənistan hakimiyyəti yenə də cəsarətli qərara gəlməkdə gecikəcək. Ermənistan Qərbin tam dəstəyini istəyir, ancaq Ukraynadakı müharibəyə baxıb Qərbə də tam bel bağlamır, gah İrana, gah da Hindistana üz tutur. Qərb Saakaşvilinin aqibətinə necə yanaşırsa, Paşinyanın da aqibətinə elə yanaşa bilər. Ona görə Paşinyan Qərbdən qarantiya almaq istəyir ki, bu da mümkün deyil. Qərbdən, əsasən Fransa və ABŞ - dan Ermənistanın istəyi regionda Türkiyə və Azərbaycana qarşı Qərbin maraqlarının müdafiəçisi rolunda, təxribatçı alət kimi istifadə olunması qarşılığında üstünlük əldə etməkdir. Çox da uzaq olmayan vaxtda Ermənistan Qərbdən də əlini üzərək tam Azərbaycan və Türkiyəyə meyl edəcək. Hələ ki, ütün mümkün vasitələrdən istifadə edir ki, siyasi təslimiyyətini uzatsın və eyni zamanda daxildəki etirazçılara və müxalifətə göstərmiş olsun ki, o bütün cəhdləri sınadı".

 

Tural İrfan sonda vurğulayır ki, Azərbaycan üçün addım-addım da olsa, Ermənistan münasibətlərində inkişaf var. Bu tempdə getsə belə, zaman bizim xeyrimizədir.

 

Səkinəbəyim Cəfərova