"Ukrayna ciddi irəliləyiş əldə etməsə, il sonuna qədər yardımlar azala bilər"-Politoloq açıqladı
Bölmə: Siyasət › ,Tarix: 17:44 28.02.2024
F-16 qırıcıları artıq bu il Ukraynaya göndərilə bilər. Bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlərə deyib.
“Proqnozlarımıza görə, F-16-lar bu il tədarük ediləcək”, – o qeyd edib. Eyni zamanda, Rayder döyüş təyyarələrinin çatdırılmasının dəqiq tarixlərindən söz açmayıb. Mövzu ilə bağlı politoloq Turan Rzayev İnformator.az ilə fikirlərini bölüşüb.
Turan Rzayevin fikirlərinə görə, F-16 qırıcılarının NATO üzvü olmayan və yaxud hər hansı ölkələrə verilməsi qadağandır.
"Bu silahlar Amerikanın strateji silahları sayılır. Onların hər ölkəyə verilməsi məqsədə uyğun hesab edilmir. Ukrayna NATO üzvü deyil və NATO üzvü olmayan bir ölkəyə bu qədər dəyərin verilməsi düzgün deyil. Ola bilər ki, istisna xarakterli addım atmış ola bilər. ABŞ bu davranışları ilə faktiki olaraq Rusiya qarşısında Ukraynanın üstünlük əldə etməsinə çalışır. Prinsip etibarı ilə müharibənin 1-ci ilində Rusiyanın hücumlarının effektiv olmaması və dayandırılmasının əsas səbəbi Ukraynanın aviasiya sahəsindəki üstünlüyüdür. Ancaq müharibənin 2-ci ilində Rusiya Çindən və İrandan aldığı dronlar ilə bu sahədə üstünlüyü tarazlaşdıra bildi. İndiki məqamda isə F-16 qırıcılarının Ukraynaya verilməsi növbəti bir addımdır".
Politoloq bildirir ki, F-16 qırıcılarının qarşında SU markalı qırıcıları var.
"Əslində, SU-35 kifayət qədər təkmilli qırıcılardır. Mümkün deyil ki, Rusiya bunun qarşısında SU-35 qırıcılarını ortaya çıxardacaq. Ümumi yanaşmalı olsaq, bu Ukraynanın aviasiya sahəsində üstünlüyünü artırmaq üçün atılmış bir addımdır. Lakin müharibənin ümumi vəziyyətinə təsir edəcəyini düşünmürəm. Çünki artıq müharibənin 3-cü ilindəyik və proses uzanır. Nəticədə, Ukraynaya olan yardımların azalmasına gətirib çıxarır".
Turan Rzayev qeyd edir ki, yardım etmək istəyən və istəməyən ölkələr arasında fikir ayrılığı yaranıb.
"NATO və Avropa İttifaqında tez-tez müzakirə olunan məsələdir. Hətta Amerikanın özündə senat daxilində Ukraynaya yardımlar ilə bağlı birmənalı fikirlər yoxdur. Əslində, bu dəstəklər son yardımlardır. Əgər Ukrayna ciddi bir irəliləyiş əldə etməsə, böyük ehtimal ilin sonuna qədər yardımlarda azalmalar müşahidə olunacaq".
Fatimə Mustafayeva