Azərbaycan istənilən halda hərbiçimizin geri qaytarılmasına nail olacaq-Elxan Şıxəliyevdən
Bölmə: Siyasət › ,Tarix: 21:34 28.02.2024
Bu gün Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahovu Ermənistan hərbçiləri saxlayıb. Onun Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanıldığı bildirilib. Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub.
Bu barədə "İnformator.az" a açıqlama edən hərbi ekspert Elxan Şıxəliyev deyir ki, görünən odur ki, hərbiçimiz gecə görmə şəraitindən, havanın dumanlı vəziyyətindən asılı olaraq hərəkət istiqamətini itirib və bilməyərəkdən Ermənistanın şərti sərhəddinin nəzarətində olan hissəsindən Ermənistana keçib.
"Ermənilər onun üzərində avtomat silahının olduğunu bildiriblər. Həmişə olduğu kimi Ermənistan hərbiçimizin əlində silah olması səbəbi ilə də ora gəldiyini qabardaraq məsələyə yanaşıb. Bunun da üzərindən cinayət işi qaldırılmasına, hərbiçimizin məhkəmələr tərəfindən cinayət işinə verilməsinə çalışacaqlar. Ermənistan tərəfinin Azərbaycanla danışıqlarda maksimum tələbləri olacaq. Buna oxşar hallar tariximizdə yaşanıb. Bütün zamanlarda: atəşkəs dönəmində, 44 günlük müharibədən sonra Ermənistan tərəfindən də kifayət qədər Azərbaycana və Azərbaycandan Ermənistan tərəfinə azıb, bilməyərəkdən və ya bilərəkdən keçə bilən hərbiçilər olub. Qarşılığında Ermənistan hər zaman Azərbaycandan alver predmeti kimi istifadə edib. Bunu da eyniliklə edəcək".
Ekspert bildirir ki, hərbiçimizdən sorğulama aparacaqlar.
"Adətən bunu bir neçə istiqamətdə: məlumatların əldə olunması, şantaj edilmə, gələcək də cəsusluğa cəlb edilməyə dair əməliyyatlar keçirdikdən sonra onu mütləq Azərbaycana qaytaracaqlar ki, qarşılığında da Azərbaycandan bir istəkləri olsun. Təbii ki, Azərbaycanın da nəzarətində olan, Ermənistandan bu və ya digər formada nəzarətimizə götürülən Ermənistan vətəndaşları, hərbiçiləri də var və qarşı tərəf onların dəyişdirilməsi üzərindən təkliflərlə çıxış edəcəklər. Ola bilsin ki, nəzarətimizdə olan Qarabağda cinayət törətmiş, cinayət işlərinin araşdırılması mərhələsində olan hər hansı bir terroristində qarşılığında onun dəyişdirilməsi tələbini də irəli sürsünlər. Təbii ki, onlar bundan maksimum yararlanmağa çalışacaqlar. İstənilən halda Azərbaycan tərəfi hərbiçimizin geri qaytarılmasına nail olacaq. Tələbləri nə olarsa olsun qarşılığında Azərbaycan tərəfi adekvat olaraq reaksiya verərək onu geri qaytaracaq".
Ekspert öncədən də yaşanan bu kimi hallardan da danışır:
"Ali Baş Komandan ən ağır zamanda, bu kimi hallar yaşandıqda bu bəziyyətin Azərbaycanın istədiyi kimi nəticələnməsi üçün çalışıb.
Xatırlıyırsınızsa, Ramil Səfərovun Avropa da bir cinayət işi var idi. Ermənilər istəyirdilər ki, o uzun müddətli həbs də qalsın, onun ekstradisiyası olmasın. Bu çox ağır bir məsələ idi. Lakin biz zamanında Azərbaycanın Ali baş Komandanının hərbiçisinə, zabitinə necə sahib çıxdığını gördük.
Milli Qəhrəman Mübariz İbrahimovun nəşi qarşı tərəfin mövqeyində qaldı. Xüsusi atəşkəs dönəmindəki vəziyyət ermənilərib onu heç bir halda qaytarmaq istəməmələrinə səbəb oldu. Yenə də Ali baş Komandan onun geri qaytarılmasına nail oldu.
3 ay bundan əvvəl Naxçıvan istiqamətində iki hərbiçimiz hava şəraitinin pis olması ilə əlaqəli olaraq azıb Ermənistan tərəfinə keçdilər. Ali baş Komandan onların da geri qaytarılmasında misilsiz rol oynadı.
Kifayət qədər bu kimi misallar üzərindən demək olar ki, bizim Ermənistan tərəfə keçən bu və ya digər formada onun əsirliyində olan hərbiçilərimiz qarşılığı nə olursa olsun Azərbaycan tərəfinə qaytarılıb və bu mövqedən yanaşaraq Ermənistan tərəfə bilmədən keçən hərbiçimizin də qaytarılacağını düşünürəm.
Ermənistan tərəfi deyir ki, guya onlar iki nəfər olub. Bu, inandırıcı deyil. Çünki Müdafiyə Nazirliyi bir nəfərin itkin düşdüyünü deyib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Ermənistan tərəfindən təmaslarının üzərindən Ermənistanın nəyə nail olmaq istədiyini görəcək, ondan sonra onun qaytarılmasını müşahidə edəcəyik. Amma düşünürəm ki, bunun üçün bir müddət zaman keçəcək".
Banuçiçək Kalbalıyeva