Ukrayna üçün nəticə necə olacaq? -Politoloq AÇIQLADI

Bölmə: Siyasət › ,
Tarix: 21:46 28.02.2024

ABŞ Prezidenti J. Bayden açıqlamasında bildirib ki, Amerikanın yeni yardım layihəsi qəbul edilməsə, Ukrayna üçün nəticələr ölümcül olacaq.



Onun sözlərinə münasibət bildirən politoloq Yusif Bağırzadə "İnformator.az" a açıqlamasında qeyd edir ki, Baydenin məlum istiqamətdə açıqlaması ilk belə açıqlama deyil.


"Bundan əvvəl də Bayden dəfələrlə oxşar açıqlamalarla çıxış edib. Bu səpkili açıqlamalar indi daha çox Nümayəndələr Palatasına təzyiq kimi qəbul olunur. Bu cür açıqlamalarla Bayden həm də seçki qabağı respublikaçıların mövqeyni zəiflətmək məqsədi güdür. Məlumdur ki, Nümayəndələr Palatasındakı Respublikaçılar Ukraynaya yeni yardım paketinin ayrılmasına isti yanaşmırlar və dəfələrlə bildiriblər ki, bu cür yardımların Rusiya-Ukrayna savaşına təsiri həlledici deyil. Respublikaçılar həm də 34 trilyon dövlət borcu olan ABŞ-ın maliyyə vəsaitlərinin bu şəkildə nəzarətsiz olaraq ayrılmasına etiraz edirlər".

 

Politoloqun fikrincə, ABŞ indiyə qədər birbaşa hərbi xərclər üçün Ukraynaya 75 milyard dollar və digər xərclər üçün 38 milyard dollar ayırıb, buraya Avropa İttifaqı ölkələrinin 130 milyard avrodan artıq maliyyə yardımını da əlavə etdikdə olduqca böyük məbləğ ortaya çıxır.

 

"Bu məbləğlərin qarşısında indi ayrılması nəzərdə tutulan və hələ ki, Nümayəndələr Palatasının blokladığı 60 milyard dollarlıq yardım paketi böyük ölçüdə heç nəyi dəyişməyəcək. Çünki ABŞ başda olmaqla kollektiv Qərb Ukraynaya dəstək məsələsində göründükləri kimi səmimi deyillər. Qəbul olunmuş sanksiyalara baxmayaraq heç də bütün Avropa ölkələri həmin sanksiyalara riayyət etmir. Hələ də Kiyevə uzaqmənzilli silah və texnikanın, hücum silahlarının verilməsi həll olunmayıb. Elə ABŞ-ın özü Hindistandan dəyəri milyonlarla ölçülən müqavilələr əsasında neft məhsulları alır ki, bu da Rusiyadan alınan və Hindistanda hasil olunaraq satılan mallardır.  Rusiya Hindistana satdığı neft müqabilində hər gün milyonlarla vəsait əldə edir və dolayısıyla bu vəsaitin böyük hissəsi əslində ABŞ vəsaitidir.


Odur ki, məsələ heç də Baydenin dediyi kimi deyil.  Ukrayna üçün nəticələrin ölümcül olması əslində ABŞ-ın maliyyə yardımından daha çox Qərbin Ukraynanı səmimi olaraq dəstəkləməməsi ilə bağlıdır. Əgər ABŞ və kollektiv Qərb ən azından Ukraynanı lazımi silahlarla təmin edərsə, ən azından qəbul olunan sanksiyalara səmimi şəkildə əməl edərsə,  nəticə də Ukrayna üçün ölümcül olmaz".

 

 

Asiman Hafizqızı