''Azərbaycan artıq öz sözünü daha rahat deyə bilir''-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 17:27 29.02.2024
Almaniyada Azərbaycan-Ermənistan danışıqlarının birinci mərhələsi dünən başa çatıb. Bayramov və Mirzoyanın görüşünün Bu gün ikinci mərhələsi baş tutacaq.
Məsələ ilə bağlı politoloq Həşim Səhrablı ‘’informator.az’’a verdiyi açıqlamasında bildirib ki, ümumiyyətlə Azərbaycan və Ermənistan arasında danışıqların əsas istiqaməti sülhün əldə edilməsi, iki dövlət arasında münasibətlərin yaxşılaşdırılması və regiondan keçən enerji və digər tranzit layihələrlə bağlı planların reallaşdırılması kimi məsələlər əsas dayanır:
‘’Bu gün davam etdiriləcək məsələlərdə məhz elə bütün bu məsələlər fonunda öncəlik əlbəttəki sülhün əldə edilməsi və münasibətlərin bərpası üzərində olacaq. Hər nə qədər təkrar-təkrar eyni məsələlər müzakirə edilib, yekun nəticəyə gəlmək mümkün olmasa da, bu kimi danışıqların davamlı və ya fasilələrlə olması müəyyən qədər uğurların əldə edildiyinin ilkin carçılarıdır. İşğal dövründə ümumiyyətlə danışıqlar prosesi ya dayandırılıb, ya da ATƏT-in Minsk qrupu səviyyəsində aparılırdı ki, təşkilatın etibarlılığı və obyektivliyi də hər zaman sual altında olub. İndi isə artıq dövlətlər, təşkilatlar olmadan ya ikili konteksdə, ya da üçüncü bir dövlətin təşəbbüskeşliyi ilə baş tutur’’.
Həşim Səhrablı qeyd edib ki, Avropada elə bir geosiyasi vəziyyət formalaşıb ki, ittifaqın nümayəndəsi Borel də bildirib, Avropa artıq dünyada tək söz sahibi deyil, güclər parçalanır və Avropa bu güclərdən biri kimi çıxış edir. Almaniyada Avropanın, Qərbin əsas dövlətlərindən bir olaraq çox yaxşı başa düşür ki, artıq problemli məsələlərə və ya hər hansı sıradan məsələlərə əvvəlki kimi, Avropanın hegemon olduğu bir reallıq kimi yanaşmaq onların özlərinə zərər verməyə başlayır və belə davam edərsə Qərb daha çox güc itirə bilər:
‘’Azərbaycana, Cənubi Qafqaza yanaşma da artıq bu nöqtədən qiymətləndirir. Almaniya və onun kimi digər Qərb dövlətləri ‘’mən nə istəyirəm?’’ nöqteyindən deyil, ‘’region özü nə istəyir?’’ , ‘’regionda Qərbin maraqları necə təmin olunar?’’ nöqtəsindən baxırlar. Ona görə də, artıq Azərbaycan 15-20 il əvvəlki reallıqlardan fərqli olaraq, hazırki reallıqlarda masada öz sözünü daha rahat deyə bilir, öz istəklərini daha rahat çatdıra bilir və ən əsası bu istəkləri əvvəlki müddətlə müqayisədə artıq eşidilir, dinlənilir. Ona görə də, istər Almaniyadaki görüşlər, istərsə də ondan əvvəlki və bundan sonra baş tutacaq görüşlərdə qısa müddətdə yekun nəticə gözlənilməsə də, zaman-zaman davamlılıq qorunduqca beynəlxalq hüququn tələbləri nəzərə alınacaq, regiondaki problemlər həm tarixi nöqtədən, həm hüquqi cəhətdən həllini tapmağa başlayacaq’’.
Sevinc Yarməmmədova