Güneydə yaşayan soydaşlarımızın taleyi necə olacaq?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:52 29.02.2024

Güney Azərbaycanın bir sıra şəhərlərində İran hökumətinin repressiv qüvvələri tərəfindən həbs edilmiş milli fəalların azadlığa buraxılması üçün müəyyən tələblər edilir.

 

Bu barədə "Azad İran" kanalı məlumat yayıb ki, etiraz edənlər bannerlər hazırlayıb, şüarlar səsləndirirlər.

 

"Güney Azərbaycanın siyasi məhbuslarını azad edin!", "Azad vətən! Ya ölüm, ya azadlıq!",- deyə siyasi məhbuslara dəstək tipli bannerlər hazırlanıb.

 

Azərbaycan onların azadlığı üçün tədbir görə bilərmi?

 

Onların siyasi fəaliyyətinə məhdudiyyət qoyulması İran-Azərbaycan münasibətinə təsir edəcəkmi?

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a verdiyi açıqlamasında qeyd edir ki, Azərbaycan-İran münasibətləri tam olaraq bərpa edilməyib və  Rəsmi Bakı Tehranın yaxınlaşma cəhdlərinə tam reaksiya bildirmir. Bu baxımdan deyə bilərik ki, iki dövlət arasında münasibətlərin soyuqlaşması gözləniləndir:

 

"Azərbaycanın Cənubi Azərbaycan məsələsinə baxışı tamamilə insan haqları və beynəlxalq hüququn norma və prinsipləri əsasındadır. Azərbaycan mahiyyət etibarilə İranın daxili işlərinə qarışmır, bununla belə orda yaşayan 40 milyona yaxın soydaşlarımızın taleyinə biganə qalmır. İran-Azərbaycan münasibətlərinin gərginliyinin ən pik dövründə Azərbaycan İnsan Haqları Təşkilatları C.Azərbaycanda baş verən siyasi həbslər, assimlasiya, insan haqlarının pozulması ilə əlaqədar hesabat tərtib edib başda BMT olmaqlar bir sıra təşkilatlara göndəriridi. Azərbaycan İnsan Haqları Təşkilatı tək Azərbaycanın daxili məsələlərinə deyil həm də Güney Azərbaycanla bağlı hesabatlar tərtib edir".

 

Politoloq bildirir ki, rəsmi Bakı İranın ərazi bütövlüyünü tanıyır, amma İranın daxilindəki Azərbaycanlılarla bağlı məslələrə reaksiya bildirməkdən də çəkinmir.

 

"Hər nə qədər arada siyasi sərhəd olsa da, soydaşlarımızla bağlı məslələrə səssiz qalmayacağıq. Mümkündür ki, Azərbaycan proseslərin radikallaşması fonunda dövlət səviyyəsində İrana xəbərdarlıq edə bilər. Hazırda Azərbaycan üçün daha mühüm məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması olduğu üçün daha çox diqqətimiz bu yönə çevrilib, amma bu o demək deyil ki, Güneydə yaşayan soydaşlarımızın taleyinə biganə qalacağıq. İran yeri gəldikdə Azərbaycandakı məsələlərə reaksiya bildirmək haqqını özündə görür. Hazırda İranda  Cənubi Azərbaycanlılara, Bəluclara, Kürtlərə  ciddi assimlasiya siyasəti aparılır, məzhəb ayrı seçkiliyi edilir və süni etiqada inanan insanları açıq şəkildə sıxışdırırlar. Təbii olaraq Güney Azərbaycanda olan məsələlər Azərbaycanın da marağında olduğu üçün burada baş verə biləcək hadisələrə rəsmi Bakının münasibət bildirməsi iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək".

 

 

Azər Abuşov