Azərbaycanda referendum olacaq?-Politoloq AÇIQLADI

Bölmə: Siyasət › ,
Tarix: 21:59 29.02.2024

Azərbaycanda referendumun keçiriləcəyi barədə xəbərlər yayılıb. Hətta bunun qarşıdakı ayların birində baş tutacağı deyilir. Referendumun Naxçıvanın statusu, Nazirlər Kabinetinin taleyi və proporsional seçki sisteminin tətbiqi barədə olacağı iddia olunur.

 

Belə bir referendumun keçirilməsinə ehtiyac varmı?

 

Konstitusiyada dəyişikliklərin edilməsi gözlənilirmi?

 

Bu haqda politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlama edib. O deyir ki, 44 günlük müharibədən sonra Azərbaycan tamamilə öz formatını və dünyada öz üzünü, simasını dəyişdirdi.

 

"44 günlük müharibə bunu göstərdi ki, Azərbaycan tamamilə müstəqil dövlət olmaqla yanaşı, regionun ən böyük, ən güclü dövlətlərindən biridir. Azərbaycan dünyada öz müstəqil siyasətini yürüdə bilir. Nəticədə, 30 ildir işğal altında olan Qarabağ torpaqlarının qaytarılması Azərbaycanda yenidən dövlət strukturlarında və Azərbaycan torpaqlarının bütövlüyündə müəyyən dəyişikliklərə gətirib çıxardı".

 

Politoloq bildirir ki, Qarabağ torpaqlarının azad edilməsi ilə Azərbaycanda yeni bir dönəm başladı.

 

"Prezident seçkiləri də bu yeni dönəmə öz təsirini göstərdi. Qarabağda gedən prosesləri nəzərə alsaq, orada bir çox iqtisadi zonalar yaradılıb, yeni strukturlar əmələ gəlib, bütün bunlar idarəçilik sistemində və konstitusiyada qeyd edilməlidir. Bu gün Azərbaycanda referendumun keçirilməsi mümkündür və qəbulolunandır. Çünki bütün bu dəyişikliklər konstitusiyada öz əksini tapmalıdır".

 

Ramiyə Məmmədova qeyd edir ki, Azərbaycan üçün əsas məsələlərdən biri də Naxçıvanın statusudur.

 

"Naxçıvan konstitusiyada muxtar respublika olaraq qəbul edilib və onun öz parlamenti, öz strukturları mövcuddur. Lakin indidən sonra bunun mərkəzləşdirilmiş bir sistemə keçilməsi gözləniləndir. Naxçıvanın statusunda muxtariyyətin qalması Qars müqaviləsindən irəli gəlir, bu müqaviləyə əsasən, Naxçıvan Türkiyənin himayəsi altındadır. Bu məsələyə də geniş şəkildə baxılmalı, ətraflı müzakirələr aparılmalıdır. Bu gün Azərbaycanın öz gələcək siyasəti və regionda güclənməyi üçün, müəyyən dəyişikliklərin aparılması mütləqdir".

 

 

Gülay Qəribova