"Bu dövlətlər ictimai qınanmalıdır"!-Azad Məsiyev

Bölmə: Siyasət › ,
Tarix: 23:03 29.02.2024

Terror hadisələri günümüzdə narahatlıq doğuran məsələlərdəndir. Hətta bəzi dövlətlər və şirkətlər bu terror qruplaşmalarını himayə edir, onlara maliyyə yardımı göstərirlər. 

 

Bu barədə "İnformator.az"a açıqlama verən politoloq Azad Məsiyev qeyd edir ki, dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir, gücün qanunu ilə tənzimlənir.

 

"Bu baxımdan dövlətlər güc tətbiq etməklə, terror təşkilatları yaratmaqla və ya himayə etməklə öz məqsədlərinə çatmaq istəyirlər. Xatırladım ki, İŞİD təşkilatına da maliyyə dəstəyi verən, onun fəaliyyətini istiqamətləndirən dövlətlərdən biri də Fransadır və artıq bu barədə rəsmi təşkilatların qərarı var ki, Fransaya məxsus olan böyük siment zavodu İŞİD təşkilatını maliyyələşdirb, onlara dəstək verib və İŞİD təşkilatlarına ayrı-ayrı muzdlu şəxslər göndərib. Fransa və digər dövlətlər də terroru dəstəkləyərək 3-cü dövlətləri öz təsir dairələrinə salmaq üçün onlara təzyiq edirlər. Bu cür metodlar beynəlxalq hüquqa ziddir və bu cür fəaliyyət dövlətlər arası münasibətlərə xələl gətirir".

 

Siyasi şərhçi Azərbaycan və Türkiyənin də terrorla mübarizəsinə diqqət çəkib.

"Azərbaycan da bu terror fəaliyyətindən əziyyət çəkir. Bildiyiniz kimi, Ermənistan terror dəstələrindən istifadə edərək 30 ilə yaxın idi ki, Azərbaycan ərazilərini işğal altında saxladı.   Biz sentyabr ayında antiterror əməliyyatı keçirməklə Ermənistana məxsus olan terrorçu qüvvələri və silahlı dəstələri neytirallaşdırdıq. Bu gün Türkiyə də öz milli ərazisini, təhlükəsizliyini qorumaq üçün terrorla mübarizə siyasətini gücləndirib və istər Suriyada, istər daxilində olan ayrı-ayrı terror dəstələrinə amansız siyasət yürüdür. Bu baxımdan Türkiyənin özünü qorumaq, istər öz daxilində, istərsə də xaricdə olan terror yuvalarını dağıtmaq haqqı var. Bu əməliyyata görə Türkiyəni qınaya bilməzlər. Ancaq məsələ burasındadır ki, terroru dəstəkləyən dövlətlər beynəlxalq aləmdə pislənməlidir. O cümlədən də hər hansı bir şirkətin terrorla əlaqəsi sübut olunarsa, bu zaman həmin təsis şilkətlərinə sanksiyalar tətbiq edilməsi, eləcə də həmin dövlətlərin özünə sanksiyaların tətbiq edilməsi vacibdir. Bu cür variantlar beynəlxalq aləmdə xüsusi ilə BMT-nin auditoriyasında müzakirə edilməli, qiymət verilməlidir. Ümumilikdə terrordan bir vasitə kimi istifadə etmək heç bir dövlətə uğur gətirməyəcək. Dövlətlər xarici siyasətini beynəlxalq hüquqla tənzimləyərsə, bu zaman əminamanlığın, qarışıqlı anlaşmanın yaranması, eyni zamanda qarşılıqlı maraqların uzlaşması prosesi baş verə bilər".

 

Azad Məsiyev sonda qeyd edir ki, təəssüflər olsun ki, Fransa kimi  ölkələr xaos yaratmaqla fəaliyyət göstərirlər.

 

"Xüsusilə də Cənubi Qafqazda Ermənistanı-işğalçı dövləti yenidən hərbi-siyasi dəstək verməklə Azərbaycan üzərinə qaldırmaları yol verilməzdir. Bu cür beynəlxalq hüququ tapdalayan dövlətlər ictimai qınanmalı, beynəlxalq tədbirlərdə fəaliyyətləri pislənməlidir.
Fransa insan haqlarını tapdalamaqla, terroru dəstəkləməklə, münaqişə ocaqlarını qızışdırmaqla ittiham olunan dövlətdir. İstər Azərbaycan, istərsə də Türkiyə tərəfdən bu yay Fransada keçiriləcək olimpiya oyunlarını boykot etmək üçün əlimizdə əsas var. Biz Fransanın beynəlxalq hüquqa uyğun olmayan davranışlarını əsas gətirərək, Fransada keçirilən bu beynəlxalq tədbiri baykot etməklə öz etirazlarımızı bildirə bilərik. Biz olimpiya oyunlarını boykot etməklə Fransaya həm öz etirazımızı bildirə, həm də onun beynəlxalq hüququ tapdalayan, münaqişə ocaqları yaradan bir dövlət kimi təqdim edə bilərik".

 

 

Banuçiçək Kalbalıyeva