"Türkiyə Fransaya göstərdi ki..."-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 19:23 01.03.2024
"Fransa terrora dəstək verən əsas ölkədir. Fransa şirkəti olan “La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır, amma bu, işə yaramadı. Biz Suriyanın şimalında “La Farge”nin bütün mağaralarını dağıtdıq”
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib.
Onun bu çıxışının Fransa və Türkiyə arasındakı münasibətlərə necə təsir edəcəyi sual doğurub.
Bu barədə politoloq Cümşüd Nuriyev "İnformator.az"a açıqlamasında qeyd edib ki, Fransa şirkəti- La Farge -nin adı bundan öncə də Suriyada PKK-nı maliyyələşdirən, onlara pul qazanmaq üçün şərait yaradan bir şirkət olaraq hallanıb.
"Onlar yenə də mağaralar düzəltməyə davam edirlər. Amma təbii ki, Türkiyə PUA-larının qarşısında dayana bilməzlər.
Ərdoğan bunu təsadüfən demədi. Çünki Türkiyə Fransanın bu haqda niyə danışmadığını yaxşı bilirdi. Fransa elan etdi ki, NATO-da olan dövlətlərin Ukraynaya ordu gətirməsi lazımdır. Türkiyə də NATO-nun üzvüdür və təbii ki, o bu oyuna gələ, Fransanın Azərbaycana olan münasibətindəki xəyanəti bağışlaya bilməzdi. Əslində, belə məsələlər dövlətlər arasında qapalı qalan məsələlərdir. O bu məsələləri Fransanın xəyanətinə görə açdı. Uzağı dövlət deyəcək ki, şirkət bunu dəstəkləmir. Amma Fransa bir mənalı şəkildə Makronun hakimiyyətində terroru dəstəkləyən bir dövlətə çevrilib və Makron daha çox Ermənilərin maraqlarını güdür. Onların Azərbaycana olan hücumlarının arxasında da o durur".
Politoloq Fransa ilə Azərbaycan münasibətlərinə də diqqət çəkib.
"İnaqursiya prosesində Prezident İlham Əliyev bir söz işlətdi ki, bəzi daşlar yerindən tərpənib , bunu bizə bağışlamayacaqlar. Bir növ Azərbaycana tabo qoyuldu ki, Ermənistan nə istəyir edə bilər, siz heçnə etməməli, onların bütün şərtlərinə razı olmalısınız. Azərbaycan bu şərtləri pozdu və öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan göstərdi ki, heç kim bizə şərt qoya, göstəriş verə bilməz. "La Farge" şirkətinin Suriyada etdikləri Fransa dövlətinin xəbəri olaraq həyata keçirilən bir siyasətdir. Bunu Azərbaycan da, Ərdoğan da yaxşı bilir. Amma Ərdoğan böyük iradə göstərdi və Türkiyə dövlətinin mövqeyini ortaya qoydu. Bu, indiki şəraitdə Azərbaycan üçün çox önəmli bir addımdır. Bütün hallarda Türkiyənin Fransa üzərinə sözlə yeriməsi belə Fransanın Qafqazda mövqeyinin kifayət qədər zəifləməsi deməkdir. Türkiyə Fransaya göstərdi ki, Qafqaz yiyəsiz deyil. Mən buradayam, sən burada heç kimsən".
Banuçiçək Kalbalıyeva