Sülhü baltalayanlar: Fransa və onun əlaltıları…-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:45 04.03.2024

"Fransa başda olmaqla, bəzi Avropa ölkələri Azərbaycan-Ermənistan danışıqlarını baltalamağa çalışır". - Bu sözləri Antalya Diplomatiya Formunda Mövlud Çavuşoğlu səsləndirib.

 

Mövlud Çavuşoğlunun fikirlərini "informator.az"a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra bizim üçün aşkara çıxan bir sıra məqamlar oldu:

 

"Qarabağ müharibəsinə qədər ATƏT-in MİNSK qrupunun həmsədr olan dövlətlər və onların nəzarəti altında olan bir sıra beynəlxalq platformalar əslində keçmiş münaqişənin həllində maraqlı olmayıblar. Və onlar mümkün qədər əllərindən gələni etdilər ki, keçmiş düyün açılmasın. Azərbaycanla Ermənistan arasında münaqişə sülh və danışıqlar yolu ilə həllini tapmasın. Eyni zamanda münaqişə uzun müddət mövcud olsun. İkinci Qarabağ müharibəsi bütün məkrli, hiyləgər və gizli planları darmadağın etdi. Azərbaycan heç kimin gözləmədiyi addımları atdıqdan sonra onların planları pozulmuş oldu. Yəni bu planların pozulması gizli məqamları aşkara çıxardı. Fransa və Fransanın təşəbbüsü ilə ermənipərəst mövqeyini ortaya qoyan bir sıra dövlətlər, təşkilatlar və şəxslər var idi. Ermənipərəst qüvvələr əslində artıq bütün bəhanələrinin tükənməsindən, gizli planlarının puça çıxmasından sonra aşkar şəkildə öz mövqelərini ortaya qoydular. Yəni aşkar şəkildə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmaması üçün əllərindən gələni etməyə çalışdılar".

 

Politoloqun fikrincə, indi həmin o qüvvələrin Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini bərpa etməsində maraqlı olmaması da təbiidir:

 

"Bu prosesin həllinə mane olan bəzi problemlərin var ki, həlli ilə bağlı öhdəlikləri Ermənistan öz üzərinə götürüb. Amma bu günə qədər o öhdəliklərin icrası istiqamətində heç bir addım atmayıb. O problemlərin həllinə nail olmaq üçün bütün platformalarda iştirak etdik. Moskva, Rusiya platformasında, rəsmi Parisin də iştirak etdiyi dördtərəfli görüşdə, rəsmi Berlinin də iştirak etdiyi beştərəfli görüşdə, rəsmi Vaşinqtonda görüşdə iştirak etdik. Eyni zamanda Xarici İşlər Nazirliyi səviyyəsində müxtəlif görüşlər keçirilib. Hətta Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ən optimal, təhlükəsiz və real variant olan sərhəddə belə tam yüksək səviyyədə olmasa da, Baş Nazirlərin müavinləri səviyyəsində görüşlər keçirdik. Bu gün bu görüşlərin qarşısını almaq üçün Fransa və ona həmrəylik nümayiş etdirən bir sıra qüvvələr əllərindən gələni edirlər. Bu da ondan xəbər verir ki, bu qüvvələr Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı deyillər. Bunu rəsmi Türkiyə də anlayır və məhz ona görədir ki, Antalya Diplomatiya Formunda Mövlud Çavuşoğlu bu fikirləri səsləndirib. Əslində onun səsləndirdiyi bu fikirlər bizim üçün yeni deyil. Həmçinin söhbət bu prosesdə Fransadan, Almaniyadan, ABŞ-dan və digər prosesdə iştirak etmək istəyən dövlətlərdən daha çox maraqlı olan, söhbət sözün həqiqi mənasında ədalətli və maraqlı olan Türkiyə rəsmisindən gedir". 

 

Xəyal Bəşirov əlavə edib ki, Türkiyə əslində bir sıra dövlətlərin bu prosesdə iştirak etməsi ilə bağlı əks mövqe nümayiş etdirmələrinə rəğmən biz bilirik ki, Türkiyə Cənubi Qafqazla bağlı proseslərdə maraqlıdır:

 

"Türkiyə Azərbaycan mövqeyindən çıxış edir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Eyni zamanda Türkiyə Ermənistanla münasibətlərinin normallaşmasını məhz həmin o prosesdən keçdiyini dəfələrlə dilə gətirib. Türkiyə kimi iqtisadi, turizm cəhətdən, bir sıra digər proseslərlə bağlı günü-gündən inkişaf edən dövlət özünün hansısa digər dövlətlə sərhədinin bağlı qalmasında maraqlı deyil. Təbii ki bu reallığı əks etdirmir. Amma hər bir halda burda həlledici və prinsipial maraqlar var. Bu məqamlar da ondan ibarətdir ki, Türkiyə dəfələrlə öz mövqeyini açıq şəkildə bildirib ki, Ermənistan əgər Azərbaycanla münasibətlərini normallaşdırmayacaqsa, Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşmayacaq. Bunun əsas səbəblərindən biri Ermənistanın Azərbaycanla paralel olaraq, həm də Türkiyəyə ərazi iddiları irəli sürməsidir. Ermənistanın konstitusiyasında Türkiyəyə ərazi iddiaları var. Ermənistan Türkiyəyə qarşı qondarma soyqırım iddialarını irəli sürür. Ermənistan Türkiyənin şərq vilayətlərinin onun tarixi torpağı olduğunu dilə gətirir. Hətta Azərbaycanı kənara qoysaq belə, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmasının tərəfdarı olmaq istəyirsə, ən azı bu iddilardan vaz keçməlidir. O iddialarından da vaz keçməsi üçün Ermənistan ədalətli siyasət yürütməlidir ki, bu hal da da həm Türkiyə, həm də Azərbaycanla münasibətlər normallaşacaq".

 

Politoloqun sözlərinə görə, Türkiyə rəsmisi Mövlud Çavuşoğlunun səsləndirdiyi bu fikirlər məhz reallığı əks etdirir:

 

"Bu əslində həm də Türkiyənin Azərbaycanın verdiyi mesajlara dəstək olaraq ona paralel bir sıra Avropa ölkələrinə mesajdır ki, prosesə mane olmayın. Sülh sazişinin imzalanması sülh prosesinin qarşısının alınması ilə bağlı mövqeyinizi kənara qoyun. Cənubi Qafqazda sülh istəyirsinizsə, səmimi yanaşma tərzi ortaya qoyun. Əks təqdirdə sizin bu prosesdə iştirakınız sual altına düşə bilər".

 

Aynur Babayeva