"Türk dövlətlərinin əsas istiqaməti..."-RƏY
Bölmə: Siyasət › ,Tarix: 21:14 05.03.2024
TÜRKPA-nın (Türkdilli Dövlətlərin Parlament Assambleyası) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının XI iclası Azərbaycanda keçirildi. Növbəti iclasın Qazaxıstanda keçirilməsi gözlənilir.
Bu barədə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Osman Mesten məlumat verib:
"Türk dövlətlərinin atdığı bu addımlar çox vacibdir".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən türkoloq alim Faiq Ələkbərli bildirib ki, son zamanlar TÜRKPA-nın fəaliyyətində aktivlik hiss olunur:
"Bu çox yaxşı haldır. Azərbaycanda keçirilən XI iclasda da bir çox önəmli məsələlər müzakirə edildi. Xüsusi ilə də Özbəkistan və Türkmənistanın TÜRKPA-da rəsmi müşahidəçi kimi təmsil olunması məsələləri də müzakirə olundu. Türkpa da türk dövlətləri təşkilatları çərçivəsində yeni bir mərhələyə keçir, daha aktiv bir sferaya qədəm qoyur. Türk dövlətlərindən parlamentdə təmsil olunanların fikir alış-veriş etməsi, bir çox məsələləri müzakirə etməsi təqdirə layiqdir.
Dünyanın gündəmində ciddi dəyişikliklər baş verir. Belə bir mərhələdə türk dövlətlər təşkilatının bir parçası kimi Türkpa-nın daha güclü bir şəkildə ortaya çıxması vacibdir. Türkpa-nın qarşısında duran konkret məsələlər: ortaq əlifba, türkçənin formalaşması, ordu, tarix, coğrafiya- yəni ortaq keçmişimiz kimi bu günümüzün və gələcəyimizin müəyyənləşdirilməsidir. Onun üzərinə düşən ən əsas məsələ isə onun dünyada güclü bir qruma çevrilməsi üçün işlər görməsidir".
Türkoloqun fikrincə, Türk dövlətlərinin əsas istiqaməti çox qütbləşən dünyada öz yerlərinin olmasıdır, başqa yolları da yoxdur:
"Bu da təkcə güclü ordudan keçmir. Ortaq mədəniyyətimizi, ortaq dilimizi, tariximizi, əlifbamızı, coğrafiyamızı sürətlə həyata keçirmək lazımdır. Zaman o zamandır ki, bu məsələlər də gecikmək olmaz. Türkpa da üzərinə düşən bu məsələni daha gerçəkli bir şəkildə ortaya qoymalı, daha da fəallaşmalıdır. Başqa yolumuz da yoxdur. Dünya düzəninin dəyişilməsi mərhələsində biz də öz sözümüzü demək üçün sözün həqiqi mənasında Türkpada da ümmiyyətlə türk dövlətlər təşkilatı çərçivəsində daha ciddi işlər görməliyik, real addımlar atmalıyıq. Türk dövlətləri kimlərin hansı addım atacaqlarına görə deyil, öz maraqlarına görə addım atmalıdır. Bir yandan biz fikrimizlə, ağlımızla, digər yandan güclü bir ordu ilə hərəkət etməliyik. Növbəti iclaslarda da bu məsələlər daha real bir şəkildə həyata keçiriləcək".
Banuçiçək Kalbalıyeva