Rusiya-Ermənistan münasibətləri kəskinləşir?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 18:36 07.03.2024
Ermənistan XİN: Zvartnots hava limanını özümüz qoruyarıq, Rusiyanın köməyinə ehtiyacımız yoxdur.
Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi nələrə səbəb ola bilər?
Bu barədə politoloq Tural İrfan "informator.az"a açıqlamasında bildirib ki, Rusiya Ermənistandakı qoşunlarını aktivləşdirir, sərhəddə gücləndirir:
"Məlumdur ki, Ermənistanda parlament seçkiləri keçiriləcək. Rusiya maksimum çalışacaq ki, Ermənistandakı təsir rıçaqlarını qoruyub saxlasın, Qərbin təsirinə qarşı davam gətirsin. Ermənistanın bu ərəfədə Rusiya qoşunlarının çıxarılmasına qərar verməsi vəziyyəti daha da kəskinləşdirə bilər. Bu halda Ermənistanın bu addımı atması real görünmür. Ancaq bu da istisna deyil ki, ola bilsin Fransa başda olmaqla Ermənistanın havadarları belə vəziyyəti daha da gərginləşdirmək niyyəti ilə Paşinyan hökumətini buna təhrik etsinlər".
Politoloqun sözlərinə görə, hər bir halda bölgədə sabitlik vacibdir. Bu da ilk növbədə region ölkələrini maraqlandırmalıdır:
"Əslində nə Rusiyanın, nə də Qərbin Qafqazda ağalıq etməsinə ehtiyac var. Çünki öz maraqlarına görə region ölkələrini bir-birinə qarşı qoyurlar. Rusiya qoşunlarını asanlıqla Ermənistandan çıxaracağına inanmıram. Fəqət Ermənistan normal siyasət aparsa, Fransa kimi təhrikçi və revanşizmə dəstək verən Qərb dövlətlərinin Rusiya ilə gərgin münasibətləri ərəfəsində balanslı mövqe ortaya qoysa, Azərbaycan ilə sülhə gəlsə, region dövlətinin anlaşması çərçivəsində rus qoşunlarının da çıxarılması o qədər çətin olmaz. Ancaq Ermənistan indi Rusiya qoşunlarını de-fakto qovmaq istəyir. Rusiya da şübhəsiz ki, bu ərəfədə öz planları naminə, özü üçün ikinci Ukrayna problemi yaratmamaq üçün sərt addımlar ata bilər. Fəqət hər bir halda istər Ermənistan olsun, istər digər ölkələr olsun, təhrikçi məqsədlər ilə, qonşu ölkələrə təhdid oluşduran qayələrlə yad qoşunların ölkədə olması müsbət hal deyil".
Tural İrfanın fikrincə Azərbaycan ilə Ermənistan arasında gözlənilən sülh prosesinə də kənar müdaxilələr maneə yaradır, həlli ləngidir:
"Qərblə Rusiya Qafqazda öz maraqlarını həyata keçirmək üçün siyasi cəhətdən toqquşurlar. Azərbaycan müdrik siyasi addımları ilə bu toqquşmadan ziyansız və təminatlı çıxa bilir. Ancaq Ermənistan əvvəl Rusiyanın, indi isə Fransanın müstəmləkəsinə, alətinə çevrilmək üzrədir. Müstəqil siyasət apara bilməməsi Ermənistanı bu boyunduruqdan o boyunduruğa salır".
Fatimə Aslanova