Ukrayna-Rusiya müharibəsinin gedişatı dəyişir?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 21:05 07.03.2024
ABŞ Konqresinin Nümayəndələr Palatası martın 22-dən sonra Ukraynaya yardımın maliyyələşdirillməsi ilə bağlı alternativ qanun layihəsi təqdim etməyi planlaşdırır.
Həmin yardım Ukraynaya nə kimi təsir göstərəcək? Müharibənin gedişi Ukraynanın xeyrinə dəyişə bilərmi?
Məsələ ilə bağlı politoloq Sultan Zahidov ‘’informator.az’’a açıqlamasında bildirib ki, bu qanun layihəsinin əvvəlkindən fərqi ondan ibarətdir ki, alternativ qanun layihəsində Ukraynaya humanitar yardım məsələsi əks olunmayıb:
"Bu qanunda sadəcə, 60 milyar dollarlıq yardımdan söhbət gedir. Bu yardım əvvəlki qanun layihəsində nəzərdə tutulurdu sadəcə, əvvəlki qanun layihəsi ABŞ-ın Nümayəndələr Palatasında ciddi müzakirələrə səbəb olub və ona qarşı güclər tətbiq olundu. Bu məsələ də qanun layihəsinin həyata keçməsini əngəlləyən faktordur. Son bir neçə ayda biz görürük ki, ABŞ-ın Ukraynaya yardım etməməsi Rusiyanı daha da fəallaşdırıb, cəbhədə bir sıra starejli məntəqələri ələ keçirərək vəziyyəti öz leyhinə dəyişib. 60 milyarlıq hərbi yardım Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirməklə bərabər, Rusiyanın daha geniş ərazilərini ələ keçirməsinə əngəl olan addımdır. Çünki, biz bilirik ki, Ukraynanın Rusiyadan geri qalan tərəfi hərbi texnikasının kifayət qədər olmamasıdır. Bu vəziyyət də Rusiyaya böyük üstünlük verir’’.
Sultan Zahidov qeyd edib ki, eyni zamanda bu yardım paketinin sayəsində müharibənin gedişatının tamamilə Ukraynanın leyhinə dəyişməsi çox azdır:
"Bunun üçün Ukraynaya ən ali və hərbi silahlar, hava hücumundan müdafiə sistemləri, F35 təyyarələri verilməlidir ki, bunun üçün ABŞ hələ də tərəddüd edir. Bu o demək deyil ki, Ukrayna tam şəkildə müdafiəyə oturacaq, onun cəbhədə müəyyən istiqamətlərdə əks-hücum əməliyyatları etmək şansı artacaq. Bunu yaz-yay aylarında həyata keçirə də bilər. Yenə də, bu hadisə Ukrayna-Rusiya müharibəsinin uzanmasına gətirib çıxaracaq’’.
Sevinc Yarməmmədova