"İsrail bu həddi aşmayana qədər Türkiyə hərbi müdaxilə etməyəcək"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:15 07.03.2024

Fələstin Prezidenti Türkiyəyə səfər edib. Və görüşdə regiondakı vəziyyət müzakirə olunub.

 

Fələstin-Türkiyə görüşünü "informator.az"a şərh edən politoloq Natiq Miri bildirib ki, Türkiyənin Həmas- İsrail münaqişəsinə hərbi müdaxilə etmək planı hələki mövcud deyil:

 

"Çünki bu təhlükəli bir vəziyyət yarada bilərdi. Hələ Türkiyə hər hansı bir hərbi müdaxilə həyata keçirmədən regionda həqiqətən də bu müharibə yanğının böyümə təhlükəsi sovuşmayıb. İranın dəstəklədiyi proksi qüvvələr var. Yəməndə, Suriyada, israilin həmsərhəd ölkəsi olan Livanda, həmçinin İraqda bu cür proksi qüvvələr var ki, bu proksi qüvvələr dolayısı ilə İsrailə zaman zaman müəyyən raket hücumları həyata keçirirlər. Doğrudur, hələlik birbaşa Livan İsrail arasında müharibə başlamayıb, ancaq hərbi əməliyyatlar zaman zaman Livanın ərazində həyata keçirilir, Livanın ərazisində bir çox hərbi obyektlər, eyni zamanda İranın dəstəklədiyi İzbullahın hərbi obyektlərinə zərbələr endirilir. Ona görə də Türkiyə bu yanğının böyüməməsi üçün hərbi müdaxilə fikrində deyil. Ən azından hələlik müəyyən bir hədd var. İsrail bu həddi aşmayana qədər Türkiyə hərbi müdaxilə etməyəcək".

 

Politoloqun sözlərinə görə, Türkiyənin etmək istədiyi yeganə məsələ davamlı atəşkəsin təmin olunması və sülh masasının qurulmasıdır:

 

"Bu sülh masasında da Türkiyənin təklif etdiyi bir qarantorluq məsələsi var. Yəni Türkiyə Fələstin tərəfindən qarontor ölkə olmağa hazır olduğunu bəyan edib. Bunu həm İsrailə həm də İsraili dəstəkləyən digər güc mərkəzlərinə təklif edib ki, bu sülh masası qurulsun və qarantorlar prosesini həyata keçirsinlər. Türkiyənin də əsas təklifi ondan ibarətdir ki, 1967-ci il Fələstin sərhədləri bərpa olunmaqla, paytaxtı Şərqi Qüds olmaqla müstəqil, suveren bir Fələstin dövləti yaradılsın. Yəni iki dövlətin çözüm variantı ilə bu münaqişəni sonlandırmaq və bunun davamlı olacağını Türkiyə vəd edir. Bunun alternativi əlbəttə ki, müharibədir. Və Fələstinin müstəqil dövlət olmasını İsrail dövləti qəbul etməyənə, və bu sərhədlər çərçivəsində onu tanımayana qədər kimsə regionda bir sabitlik, sülh gözləyirsə, bu əbəsdir. Çünki 1947-ci ildən üzü bəri bu münaqişə davam edir və hər il zaman-zaman aktivləşməklə qan tökülür. Bu qan hər iki tərəfdən tökülür. Doğrudur, burada problemlər də var, çünki bu gün hakimiyyətdə Likud partiyasıdır ki, bu partiya şovinist, yəhudi partiyalarından biridir. Netanyahu partiyasının əsas hədəfi bütövlükdə Fələstinliləri bölgədən çıxarmaq, mümkün olarsa, Misirin Sina yarımadasında yerləşdirməklə Misirədə bunun əvəzi olaraq yüz milyardlarla dollar vəd edirlər. Ancaq Misir buna getmir, çünki bu Misirin təkbaşına verə biləcəyi bir qərar deyil. Ona görə də hələlik atəşkəsi təmin etmək mümkün olmayıb və Türkiyənin də bu gün əsas çalışdığı ondan ibarətdir ki, sadəcə qısa müddətli deyil, davamlı atəşkəs olsun və yeni sülh masası qurulsun. Bu sülh masasının da əsas qayəsi iki dövlətli çözüm planı olmalıdır ki, buradada BMT-nin təhlükəsizlik şurasının qərarına uyğun olaraq 1967-ci il sərhədləri çərçivəsində Şərqi Qüdsdə paytaxt olmaqla müstəqil Fələstin dövlətinin yaradılması olmalıdır. İsrail bunu qəbul etməyənə qədər bu münaqişə davam edəcək. Ancaq Türkiyədə sadəcə olaraq prosesdə Fələstini axıra qədər müdafiə edəcəyini bildirir. Yəni dolayısıyla İsrailə və onun havadar dövlətlərinə bildirilir ki, Fələstin tək deyil, Fələstin əleyhinə qurulmuş istənilən qlobal səviyyədə sövdələşmələr həyata keçirilməyəcək. Ən azından Türkiyə buna imkan verməyəcək".

 

 

Aləmzər İbrahimova