Böyük Britaniya-Azərbaycan əməkdaşlığının 32-ci ili

Bölmə: Siyasət › ,
Tarix: 15:56 11.03.2024

Bu gün Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümüdür.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında paylaşım edib.

 


“Biz Britaniya səfirliyiyik, əlbəttə, biz Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 32 illiyini qeyd edirik!”, - diplomat qeyd edib.


Böyük Britaniya- Azərbaycan münasibətlərinin inkişafı, diplomatik əlaqələrilə bağlı saytımıza açıqlama edən politoloq Şəbnəm Həsənova bildirir ki, Böyük Britaniyanın xarici siyasətinin əsasında geosiyasi ambisiyalarının davamlı arxitekturasını qurmaq, buna təkan verməklə milli maraqlara çatdırılmasını təmin etmək dayanır.

 

"Böyük Britaniya innovasiya və elmi mükəmməlliyi dayanıqlı etmək, silahlı qüvvələrinin çevikliyini və imkanlarını təkmilləşdirmək, habelə liberal dünya nizamının müdafiəsini dəstəkləmək üçün son illərdə ciddi irəliləyişlər əldə edib. Buna baxmayaraq, ötən il ərzində baş verən geosiyasi hadisələr məqsədlərin həyata keçirilməsinin aktuallığını gücləndirməklə yanaşı, bunun həyata keçirilməsi üçün qarşıda dayanan maneələri də dəf etməyi hədəfləyir. İndiki məqamda Böyük Britaniya diqqətini beynəlxalq əlaqələr, demokratiya və cəmiyyət, hökumət mexanizmləri olmaqla dayanıqlığın üç əsas sahəsinə yönəldib".

 

Müsahib qeyd edir ki,  Azərbaycan da Böyük Britaniya üçün regionda önəmli tərəfdaşdır:

 

"Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətlərinin dəfələrlə Azərbaycanda səfərdə olmaları məhz bu önəmdən xəbər verir. Dövlətlərarası əlaqələr iqtisadi-ticari, enerji, siyasi, sosial və humanitar sahələr üzrə dinamik və ən əsası qarşılıqlı inam əsasında inkişaf edir. Siyasi münasibətlərin yüksək səviyyədə olması, sözsüz ki, iqtisadi münasibətlərə də sirayət etmişdir. Belə ki, xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Birləşmiş Krallıq Azərbaycanın ən iri xarici investor ölkəsidir. İnvestisiya həcminin böyük hissəsi neft-qaz sektorunun payına düşür.

Birləşmiş Krallıq işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işinə böyük töhfə verir. Müasir dünyada ticarətin sürətləndirilməsi və sadələşdirilməsi beynəlxalq inkişaf strategiyalarını effektiv şəkildə dəstəkləmək qabiliyyətinə təsir edir. Bu baxımdan deyə bilərik ki, iki ölkə həm də təsərrüfat subyektləri üçün ticarətin sürətləndirilməsi və sadələşdirilməsi istiqamətində müştərək vizyona malikdir. 7-cisi 2024-cü ildə London şəhərində keçirilməsi razılaşdırılan Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası 2023-cü il dekabrın 7-də Bakıda keçirildi ki, burada müzakirə edilən məsələlər mövcud durumun dəyərləndirilməsi və bundan sonrakı inkişaf üçün yol xəritəsi idi".

 


Şəbnəm Həsənova iki ölkənin təhsil sahəsindəki  əməkdaşlığını da yüksək səviyyədə qiymətləndirir:

 

"Britaniya universitetləri xarici ölkələrdə təhsil almağa yollanan azərbaycanlı tələbələrin seçimləri arasında birincilik təşkil edir.


Dünyamız son illərdə islamafobiya, qlobal iqlim dəyişmələri kimi çağırışlarla üz-üzədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada qlobal məsələlərin həllində aparıcı rol oynayır. İslamafobiyanın genişləndiyi bir zaman kəsiyində məscidlərin, müsəlmanlara aid dini məktəblərin və digər İslam mərkəzlərinin mühafizəsinin təşkil olunması məqsədilə qarşıdan gələn 4 il ərzində Britaniya hökumətinin ölkədə artan islamafobiya fonunda müsəlman icmalarının müdafiəsi üçün 117 milyon funt sterlinq yəni, təxminən 150 milyon dollar ayırması olduqca müsbət və təqdirəlayiq addımdır. Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu konfransa xüsusi maraq göstərir ki, ilk sıralarda dayanan ölkələrdən biri də məhz Böyük Britaniyadır. Böyük Britaniya regionda sən dərəcə maraqlı və önəmli faktordur. Həm də bu önəm çərçivəsində ölkələrimiz arasında əlaqələrin tarixi və strateji əhəmiyyətə malik olması müsbət haldır".

 

 

Nəzrin Mirzəyeva