Balanslaşdırıcı siyasət: Turan İttifaqına aparan yol-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 18:38 11.03.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”u 10 aprel 2023-cü ildə imzalayıblar. Protokolun imzalanmasından sonra bu gün Qazaxıstan prezidentinin Azərbaycana ilk səfəri baş tutub.

 

Onun bu səfəri, eləcə də Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasının keçirilməsi planının planlaşdırılması iki dövlət arasında qarşılıqlı münasibətlərdə də əksini tapacaq.

 

Bu barədə "İnformator.az"a açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki, Azərbaycan xarici siyasətində balanslaşdırıcı siyasət yeridir:

 

"Azərbaycan həm iki tərəfli, həm də çox tərəfli əməkdaşlıqda maraqlıdır. Bildiyiniz kimi Azərbaycan Qazaxıstan Respublikası ilə Müstəqil Dövlətlər Birliyin də və Türk Dövlətlər Təşkilatın da əməkdaşlıq edir. İki dövlət arasında iqtisadi- siyasi münasibətlər yüksək səviyyədədir. Bu da dövlət başçılarının görüşündə öz əksini tapmaqdadır. Azərbaycan prezidentinin Qazaxıstana, Qazaxıstan prezidentinin Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin sürətlə inkişafına gətirib çıxaracaq. Bu yaxınlarda Azərbaycan prezidenti müsahibələrinin birində də qeyd etdi ki, bizim evimiz Türk dünyası evidir". 

 

Politoloq qeyd edib ki, Türk Dövlətlər Təşkilatının fonunda Turan İttifaqının yaradılması üçün ayrı-ayrı Türk dövlətləri və onların timsalında Qazaxıstanla həm iki tərəfli, həm də çox tərəfli münasibətlərin qurulması Turan İttifaqına aparacaq bir yoldur:

 

"Bu məsələdə Azərbaycan prezidenti təşəbbüskardır və bütün məsələlərdə öndə gedən liderdir. Türk Dövlətlər Təşkilatının fonunda Turan İttifaqının yaradılması ümumi Türk dövlətlərinin maraqlarına uyğun gəlir. Qazaxıstan da Türk Dövlətləri Təşkilatında aparıcı dövlətlərdən biridir. İki dövlət arasında münasibətlərin yaxşılaşdırılması hər iki dövlətin həm iqtisadi, həm də siyasi maraqlarına uyğundur. 

Dövlət başçıları görüşəndə siyasi məsələlərlə yanaşı iqtisadi və mədəni məsələləri də müzakirə edirlər. Qazaxıstan Orta Asiyada yerləşən böyük dövlətlərdəndir, kifayət qədər iqtisadi resurslara malikdir. Bu baxımdan Azərbaycanla Qazaxıstanın iqtisadi, siyasi, mədəni sahədə münasibətlərinə hər iki xalqın və dövlətin strateji planlarının tərkib hissəsi kimi baxmaq lazımdır".

 

 

Banuçiçək Kalbalıyeva