Makronun bu fikirləri böyük fəlakət yarada bilər-Ramiz Alıyev

Bölmə: Siyasət › ,
Tarix: 21:32 11.03.2024

Fransa Ukraynaya qoşun göndərə biləcək dövlətlər toplayır.



Bu barədə “Politiko” nəşrində bildirilib.
Nəşr Fransa xarici işlər naziri Stefan Sejurnenin Litvaya səfəri ilə bağlı yazıb.

 

"Fransa Ukraynaya potensial olaraq Qərb qoşunlarını göndərməyə açıq ölkələrin ittifaqını yaradır və bu məsələdə daha ehtiyatlı davranan Berlinlə münaqişəsini dərinləşdirir.

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya NATO qüvvələrinin yeridilməsi ideyasına əksər Avropa dövlətləri qarşı çıxsa da, Baltikyanı ölkələr buna müsbət yanaşdılar", -nəşrdə qeyd olunub.

 

Makron məqsədinə çata bilərmi?

Əgər başqa dövlətlər də Ukraynaya qoşun göndərərsə, bu, müharibənin taleyinə necə təsir göstərəcək?

 

"İnformator.az" a açıqlaması zamanı suallarımızı cavablayan politoloq Ramiz Alıyev bildirir ki, E.Makron  Rusiya-Ukrayna münasibətlərinin daha da alovlanmasıyla yanaşı, digər regionlarda da yeni münaqişə zonaları yaratmaq, mövcud olan münaqişələri daha da qıcıqlandıracaq variantlar axtarır.

 

"Makronun fikirləri təkcə Ukrayna ilə yekunlaşmır, o, Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə də əngəl yaratmaq üçün bütün gücüylə çalışır ki, regionda yenidən  münaqişə  yaransın və sülh bağlanmasın. Ümumiyyətlə, bu, Fransanın düşüncəsi, istəyi olmamalıdır, çünki özünü demokratik, müstəqil və özünü müasir dünyada örnək ölkə olaraq göstərmək istəyən dövlət belə bir addımlar atmaz.
Düşünürəm ki, bu, Makronun özünün şəxsi istəyi, düşüncəsidir. Buna görə də Makron Ermənistan- Azərbaycan arasında yaranacaq sülh müqaviləsinə və  Rusiya-Ukrayna müharibəsində münaqişənin həll  olunmasına əngəl yaranması üçün  çalışır ki, NATO ölkələrinin bir neçə ölkəsini bu münaqişəyə cəlb etsin, açıq müharibəyə çəksin və müharibəni genişləndirərək III Dünya müharibəsinə başlasın".

 

Siyasi analitik düşünür ki, Makron məqsədinə çatmayacaq, çünki qarşısında Rusiya kimi nəhəng dövlət, onun müttəfiqləri var.

 

"Çin, Hindistan, İran və başqa bir çox ölkələr var ki, bu baxımdan müharibə NATO dövlətləri üçün uğurlu olmayacaq. Bu halda isə Makronun bu fikirləri  böyük fəlakət yarada bilər. Müasir dövrdə böyük dövlətlər müharibələrdən uzaq durmağı təbliğ etsələr də, həmin dövlətlərin prezidentlərinin yeni müharibə cəhdlərini görürük. Deməli, deyilən sözlərə əməl edilmir.  Ukraynanı yenidən qızışdırmaqla, müharibədə daha da aktiv etməyə çalışmaqla yanlış addım atırlar, düşünürəm ki, müharibənin dayanması, münaqişənin həll olunması, atəşkəs elan olunması yönündə addımların atılması Ukrayna üçün ən yaxşı addım olar.  


Düşünürəm ki,  Makronun belə çıxışlar etməsi, istər Almaniyanı, istərsə də digər ölkələri bu məsələyə açıq formada daxil etmək cəhdləri alınmayacaq. Çünki həmin ölkələr Rusiyanın malik olduğu gücü bilirlər.


Ümumiyyətlə, Makronun və bəzi Qərb ölkələrinin  şirnikləndirici vədlərinə, bəyanatlarına yalnız səriştəsiz ölkə başçıları inana bilər və biz hansı ölkələrin inandığını da gördük, təəsüflər olsun ki, onlar hələ də bunun acısını çəkirlər. Bir vaxtlar  torpaqlarımızı işğal altında saxlayan, Azərbaycanla müharibə aparan Ermənistan da bu məsələdə aktivdir, hazırda Qərbin boş vədlərinə, oyunlarına  inanır. Hesab edirəm ki, Ermənistan xalqı da Paşinyanın ağılsız hərəkətlərini görəcək və onu dayandıracaq. Əks halda, Paşinyan da Qərbin oyunlarının qurbanı olacaq".

 

 

 

Nəzrin Mirzəyeva