Amerika prezidentinə sual vermək lazımdır ki,...-POLİTOLOQDAN ETİRAZ

Bölmə: Siyasət › ,
Tarix: 21:55 11.03.2024

"ABŞ-də müsəlmanlara qarşı nifrət və zorakılıq artıb". Bu sözləri ABŞ-nin prezidenti Co Bayden söyləyib.

 

Baydenin fikirlərini "informator.az"a şərh edən politoloq Tural İrfan bildirib ki, Qərb uzun müddətdir ki, müsəlman dünyasına qarşı gizli şəkildə səlib yürüşü aparır:

 

"Bu bir faktdır. Fransanın Əlcəzairdə soyqırım törətməsi, Amerikanın İraqda, Suriyada və digər ərəb-müsəlman ölkələrini müxtəlif bəhanələrlə işğal etməsi də birmənalı şəkildə gizli səlib yürüşünün davam etdiyinin göstəricisidir. Quran'i Kərim'in yandırılması Avropada artıq geniş vüsət alıb. Uzun müddətdir Amerikanın İslam ölkələrini işğal etdiyinə görə Amerikada əhali tərəfindən Amerikan hökumətinə qarşı bir ikrah hissi var idi. Bunu Amerika hökuməti son zamanlar ört basdır etməyi bacardı. Müsəlmanları qəddar kimi, terror nümunəsi kimi saxta formada təqdim edərək və yaxud da müəyyən qruplaşmaları özü yaradıb terror hadisələri törətdirməklə İslam haqqında mənfi obraz yaradıb və Amerika əhalisini də buna müəyyən qədər sövq edə bildi. Hərçənd ki, xristian ölkələrində də bu xristianlıq şəklində qabarıq bir formada özünü göstərir. Müxtəlif din təəssübkeşləri qruplaşmalar var. Eyni zamanda Fransa kimi qərb dövlətləri bu gün hətta müsəlmanların əleyhinə başqa xristian dövlətlərini də təhrik etməklə məşğul olur. Necə ki, bu gün Fransa Ermənistanı İslama qarşı təhrik edir".

 

Politoloqun sözlərinə görə, Türkiyənin regionda, ümumiyyətlə, dünyada güclü nüfuza sahib olması, Azərbaycanın da öz torpaqlarını xristian işğalından azad etməsinə görə artıq Amerika da başda olmaqla qərb dünyasının əhvalı korlanır:

 

"Müəyyən mənada biz demokratiya, din, azadlıq məsələsini kənara qoyuruq desək də, hər bir halda Amerika qərb, xristiandır və xristianların işğal etmiş olduğu torpaqları bir müsəlman ölkəsi azad edir. Bu da istər-istəməz qərb dünyasında, əsasən, Amerikada bir qıcıq yaradır. Onlar öyrəşiblər ki, həmişə özləri işğal etsin. Eyni zamanda Avropa ölkələri bu gün özlərini humanist, söz azadlığı, demokratiya kimi terminlərin arxasında gizlətsələr də, Avropa özü dünyaya, bəşəriyyətə qarşı ən qəddar terror hadisələrini, insani cinayətləri törədib. Hitler buna misaldır. Eləcə də Əlcəzairin Fransada törətdiyi terror hadisələri və digər soyqırımlar...".

 

Politoloq əlavə edib ki, bu gün qərb özü saxta bir obraz arxasında gizlənir, humanist görünməyə çalışır amma belə deyil, əslində elə İslama qarşı mübarizə aparan Avropanın özüdür:

 

"İslamın böyük dəyəri var və müasirliklə uzlaşır. Avropada bu gün müsəlmanların sayı günü gündən qədər artır. Bu da Amerikada narahatlıq yaradır. Eyni zamanda müsəlmanlar da ayılır, qərb ölkələrinin onların ölkələrinin sərvətlərini taladıqlarını artıq dərk edib inkişaf edirlər. Buna görə də qərbin narahatlığı daha da artır. Ona görə də Amerika prezidentinin dilindən belə fikirlər eşidilir. Halbuki bunu Amerika prezidentinin özünə sual vermək lazımdır ki, İslama qarşı ABŞ-da nəyə görə bu zorakılıq artıb? Müsəlmanlara qarşı bu nifrətin səbəbi nədir? Bu müəyyən mənada da yəhudi lobbisinin təsiridir. Çünki Qüds, Fələstin məsələsinə görə İslama qarşı gizli formada nifrət aşılanır. Şübhəsiz ki, bunlar ancaq aqressiyadır. Buda dünyaya ancaq mənfilik, dinlərarası münaqişə yarada bilər. Amerika və digər Avropa ölkələri öz gücünə güvənərək çox da odla oynamamalıdır. Həmçinin Fransa başda olmaqla digər Avropa dövlətləri də. Çünki müxtəlif dindəki millətləri üz-üzə qoymaqla Qur'an'ı yandırtdırmaqla, müsəlmanların ölkələrini işğal edib, sonra da onları terrorçu adlandırmaqla həqiqi, ədalətli siyasət yürütmək olmaz. Yəni bu artıq gec-tez ifşa olunur ki, qərbin Amerikanın özü müsəlman dövlətlərini əzir, onların neftini, qazını talayır. Ondan sonra da onların hətta dinlərini, mədəniyyətlərini də əllərindən almağa çalışır. Amerika başda olmaqla qərb dünyası bu gün İslam aləmində ancaq cinslərarası evlənməni və yaxud da müəyyən mənfi adət ənənələri demokratiya adı altında təbliğ edirlər. Əslində demokratiyanın özünün də bir mahiyyətini dəyişib, mənfi obrazda təqdim edirlər. Ona görə mən hesab edirəm ki, Baydenin dediyi bu ifadə İslam dövlətlərinə qarşı bir təhdiddir, guya ki, Amerikanın əhalisi də İslam dünyasına qarşıdır. Ancaq bu Amerika dövlətinin apardığı təbliğatın nəticəsidir. Amerikada kifayət qədər müsəlman yaşayır. Buna görə də Baydenin bu fikrini ancaq siyasi təhdid kimi qiymətləndirirəm".

 

 

Aləmzər İbrahimova