Üçtərəfli görüş: "Ən əsas müzakirə olunacaq məsələ..."-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:39 12.03.2024

Martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

 

Görüşdə hansı məsələlərə toxunulacağı gözlənilir?

 

Bu barədə "informator.az"a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Xarici işlər nazirlərinin görüşündə əsas müzakirə predmeti, iqtisadi-ticari əmədaşlığı daha da genişləndirməkdir:

 

"Ən əsas müzakirə olunacaq məsələ təhlükəsizlik məsələsidir. Həm qlobal, həm də regional səviyyədə bir çox təhlükəli çağırışlar var. Regionu qarışdırmaq istəyən güc mərkəzləri mövcuddur. Bu kontekstdə əlbəttə ki, təhlükəsizlik məsələləri yenidən müzakirəsi, hər 3 dövlətin marağı çərçivəsindədir. Bundan başqa Azərbaycan prezidentinin Cənubi Qafqazda yeni təhlükəsizlik arxitektura qayəsi var. Bu məsələnin həyata keçməsinə mane olan amil Ermənistandır. Ermənistan əslində özünün təhlükəsizliyini region həmsərhəd olmayan, Avropada, Amerikada axtarmaqdansa, regionda axtarsaydı, bu təhlükəsizlik arxitekturasına doğru-dürüst yanaşasaydı, Ermənistanın gələcək təhlükəsizlik məsələsinə təminat verilə bilərdi. Təhlükəsiz məsələsi ciddi müzakirə olunacaq mövzulardan olacaq. Bu kontekstdə logistika məsələsi xüsusi əhəmiyyət daşıyır. Çindən başlayan yükdaşımalar Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya daşınır. Və bu daşınan yüklərin ilbəil həcmi artmaqdadır. Yüklərin həcmi 2 milyon tonu aşıb və gələcək prespektivdə 5 hətta 10 milyon tona qədər yüklərin artırılması nəzərdə tutulur".

 

Politoloqun fikrincə, yeni infrastrukturun yaradılması və mövcud olanların inkişafı da ciddi müzakirə məsələsi olacaq:

 

""Orta dəhliz’’ məsələsi bu gün müzakirə predmeti olaraq görülür. Bu həmçinin Avropa Birliyi konteksində ‘’orta dəhlizin’’ prespektivi müzakirə olunur. Hətta AB və Avropanın yenidənqurma bankı 12 milyarda yaxın avro vəsait xərcləməyə də hazır olduğunu bildirib. Və bu kontekstə AB ilə Orta Asiya ölkəsi olan Qazaxıstanla da müəyyən razılıqlar əldə olunub. Ona görə də orta dəhlizin ciddi müzakirə məsələsi olacağı şübhəsizdir. Qaldı ki, Gürcüstanda müsəlmanlara göstərilən təzyiqin müsanibətlərə təsiri məsələsinə. Bu hal münasibətlərə təsir etməyəcək. Bu lokal baş verən hadisədir. Əlbəttə, məsələnin araşdırılmasına ehtiyac var ki, bu məsələ də müzakirə olunacaq. Belə məsələlər münasibətlərə xələl gətiriləcək məsələdir. Azərbaycan-Gürcüstanın dostluq münasibətləri konstekstində belə məsələlər münasibətlər sisteminə xələl gətirə bilər. Ona görə də qısa zamanda Gürcüstan bu məsələyə açıqlama gətirəcək. Bu problem inanıram ki, aradan qaldırılacaq. Nəhayət, Ermənistana daşınılacaq silahların Gürcüstandan daşınmaması məsələsi də gündəmə gələ bilər. Çünki bu Azərbaycan üçün həssas məsələdir. Belə vəziyyətdə Fransadan, Avropa sülh fondu vasitəsilə alınan silahların Gürcüstan vasitəsilə daşınması nəzərdə tutula bilər. Əgər belə bir şey olacaqsa, bu Azərbaycan-Gürcüstan münasibətinə ciddi zərər vura bilər".

 

 

Vüqar Alışov