Yeni üfüqlər: Qazaxıstan-Azərbaycan münasibətləri-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:39 12.03.2024

Xəbər verdiyimiz kimi, martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana işgüzar səfər gəlib.

 

Qazaxıstan Respublikasının Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb. 

 

Bu gün isə hər iki dövlət başçısı işğaldan azad edilmiş ərazilərə - Füzuliyə, daha sonra isə Şuşaya səfər ediblər.

 

Səfəri "informator.az"a şərh edən politoloq Tural İrfan bildirib ki, səfərin əhəmiyyəti böyükdür:

 

"Çünki quruculuq, abadlıq işlərində ölkəmiz maraqlıdır ki, əsasən türk əsilli ölkələr iştirak etsinlər. Qalib ölkə olaraq həm də bir çox ölkələr Azərbaycan ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək istəyir. Bu baxımdan Qazaxıstan və onların şirkətləri ilə də yeni iqtisadi, bir sıra yeni əlaqələr, birgə layihələr ola bilər.

Hazırda Qazaxıstan ilə Azərbaycan arasında müsbət yöndə əlaqələr var, durmadan inkişaf etməkdədir. Belə hesab etmək olar ki, Qarabağın azad edilməsindən sonra Azərbaycana maraq daha da artıb. Habelə Azərbaycan prezidentinin apardığı səmərəli siyasət nəticəsində dostlarımızın sayı artır, ölkəmizə sərmayə qoymaq istəyənlər, Qarabağın quruculuğunda iştirak etmək istəyənlər durmadan çoxalır. Qazaxıstan prezidentinin birbaşa Füzuli şəhərinə səfəri də təsadüfi deyil, bu səfər gələcək üçün böyük əlaqələrin, boyük proyektlərin, layihələrin əsasının qoyulması deməkdir.

Qazaxıstan dövlət başçısının diqqətinə dağıdılmış binalar çatdırılarkən, viran edilmiş şəhər göstərilərkən şübhəsiz ki, o erməni vandalizminin nümunəsini əyani şəkildə görmüş oldu. Eyni zamanda dost ölkənin öz torpaqlarını azad etməsi, Qazaxıstan üçün də yeni üfüqlər açır".

 

Politoloqun fikrincə, Türk birliyi dövlətləri ilə əlaqələr daha da genişlənəcək:

 

"Prezident İlham Əliyev andiçmə mərasimində vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Məhz bu prizmadan yanaşsaq deyə bilərik ki, Prezident bu ailənin üzvlərini ölkəmizə dəvət etməklə diqqəti Qarabağa bir daha yönəldir, eləcə də Ermənistanın illərlə törətdiyi işğal nümunələrini əyani şəkildə birbaşa dövlət başçılarına göstərir və onların, sərmayəçilərinin bu regiona marağını artırır. Tarixi soy əlaqələri artıq möhkəm siyasi, iqtisadi, hərbi və digər sahələrdə yeni əlaqələrə çevrilir. Qazaxıstanın Azərbaycan ilə dostluq əlaqələrinin daha da möhkəmlənməsinə vəsilə olan bir çox amil də mövcuddur".

 

 

Aytac Kərimova