"Bu qərar Putinin imicinə zərbə vurmaq mahiyyəti daşıyır"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:45 13.03.2024
ABŞ Ukraynaya ATACMS taktiki ballistik raketləri göndərməyə hazırdır. Bu barədə ABŞ rəsmiləri məlumat verib.
Qeyd olunub ki, Ukrayna dəfələrlə ABŞ-dan Krıma hücumlar üçün təxminən 290 km məsafəyə gedib çatmağa qadir olan ATACMS raketlərini tədarük etməyi xahiş edib. Lakin ABŞ Prezidenti Cozef Bayden administrasiyası bu ideyaları qəbul etməyib: “Onlar deyirdilər ki, bu silahlar ABŞ-nin özünə lazımdır. Amma indi Pentaqon bu raketləri verməyə hazırdır. Çünki ABŞ öz ehtiyacları üçün yeni yüksək dəqiqlikli raketlərdən (Precision Strike Missile, PrSM) istifadə edə bilər”.
Mövzunu "informator.az"a şərh edən politoloq Natiq Miri bildirib ki, Amerika-Rusiya münasibətləri son həddədir:
"Demək olar ki, heç bir normal münasibətlər sistemi mövcud deyil. Heç bir məsələlər üzrə konkret ABŞ Rusiya danışıqları da mövcud deyil. Ona görə də bundan o tərəfə münasibətlərin pozulması mümkün deyil. Çünki Ukrayna-Rusiya müharibəsi dolayı yolla ABŞ-Rusiya müharibəsi anlamına gəlir. Ukraynanın arxasında duran və qərar verən tərəf Ukrayna özü deyil və bunu Rusiya çox gözəl bilir. Ona görədə bu münasibətlərə ciddi təsir etməyəcək. Sadəcə olaraq bu Ukraynanın indiki çətin durumunda ABŞ-ın Ukraynaya göstərdiyi dəstəkdir. Eyni zamanda bir tərəfdə Ukrayna döyüşçülərini, dövlətini ukraynılara "Biz sizi bıraxmamışıq" mesajı verilirsə, başqa bir tərəfdən "Rusiya, çox da hücumlarınıza əmin olmayın", yəni ABŞ hələlik prosesi buraxmış deyil mesajı verilir. Çünki Rusiya Kiçik Avdiyevka şəhərini işğal edəndən sonra müəyyən iştahları artdı. Hətta Kiyevə qədər bütün çəhərləri alacaqlarını, bütün Ukraynanı işğal edəcəkləri haqqında moizələr oxuyurdular".
Politoloqun sözlərinə görə, ABŞ mesaj verir ki, Rusiya anlasın ki, Ukraynanı işğal etmək heç də asan məsələ deyil:
"Bu əslində dolayısı ilə Rusiya üçün çox ciddi çəkindirici məqamdır. Xüsusi ilə nəzərə alsaq ki, bu raketlər təcili qaydada Ukraynaya təhvil verilərsə, bu Rusiyanı Kırımla birləşdirən körpünün tamamilə bombardıman edilərək dağıdılmasına gətirib çıxarda bilər ki, bu da seçki öncəsi Putinin imicinə ciddi bir zərbə olar. Bu qərarın həssas bir dönəmdə verilməsi müəyyən mənada Putinin imicinə zərbə vurmaq mahiyyəti daşıyır. Çünki belə raketlər əldə olunacaqsa, Kırım körpüsü dağıdılacaq və bundan sonra da əlaqələr ciddi şəkildə məhdudlaşacaq və buda Ukrayna ordusuna Kırıma qarşı hərbi əməliyyatlar keçirmə imkanı tanıyacaq".
Banuçiçək Kalbalıyeva