XI Qlobal Bakı Forumu keçirilir

Bölmə: Siyasət › ,
Tarix: 10:38 14.03.2024

Bakıda, Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.

 

"İnformator.az" xəbər verir ki, dövlət başçısı da forumda iştirak edir.

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

 

Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

 

Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.




Forumun mahiyyəti barədə "informator.az" a açıqlama edən Milli Məclisin üzvü Azər Badamovun sözlərinə görə, Qlobal Bakı  Forumları dünyanı narahat edən vacib məsələləri müzakirə edilən beynəlxalq əhəmiyyətli platformaya çevrilib.

 

"Bu gün XI Qlobal Bakı Forumunda  dünya üçün  daha çox vacib məsələlər müzakirə olunacaq. Qlobal Forumun təşəbbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin  diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin  ləyaqətli üzvü olduğumuzu nümayiş etdirir.

Forumun mövzusu parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş verir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldib. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxardır. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir".

 


Deputat bildirir ki,  Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə pozulmuş  beynəlxalq hüququn bərpası məsələsinə töhfə verib, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim edib.

 

"Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur. Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionumuzda sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi dünyaya bir çağırış olacaq".

 

Azər Badamov əlavə edir ki,  XI Qlobal Bakı Forumunda  həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə ediləcək.

 

"Bu gün iqlim dəyişikliklərinə qarşı mübarizədə dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Bu da quraqlıqların, daşqınların çoxalması ilə dünya əhalisini yeni fəlakətlərlə qarşılaşdırır.  O cümlədən iqlim dəyişiklikləri Azərbaycandan da fəsadsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin  sürətlə azalması bizi və Xəzəryanı ölkələri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil. Azərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürüb. Belə ki, 2030 cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılıb.
Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq konfransa da iqlim dəyişikliklərinin  müzakirəsinə dünya liderleri qoşulacaqlar. COP 29-nun yüksək səviyyədə keçirilməsi  iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının  nə qədər vacib olduğunu göstərir.
Forumda müzakirə olunacaq pandemiya və yeni texnologiyalarla bağlı mövzular da dünya üçün çox əhəmiyyətli məsələrdir. Ümumdünya Səhiyyə Təşkilatı  COVİD infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVİD -19 -un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
  Qlobal Bakı Forumları dünyada baş verən  qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından nüfuzlu platformaya çevrilib. Forumda 400-ə yaxın qonağın tərkibində fəaliyyətə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəxalq təşkilatıların rəhbərləri, alimlər, siyasətçilər iştirak edirlər. Bu, bir daha Qlobal Forumun əhəmiyyətini göstərir".

 

 

Nəzrin Mirzəyeva