"Fransanın özünü "azadlıqlar beşiyi" sayması absurddur"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:40 14.03.2024

Prezident İlham Əliyev 11-ci qlobal Bakı formunda Fransanın vandalizmindən danışıb.

 

Dövlət başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

 

İlham Əliyevin fikirlərini "informator.az"a şərh edən politoloq Tural İrfan bildirib ki, danışılan söhbət tanınmış ictimai xadim Xurşidbanu Natəvanın heykəlinə edilən vandalizmdən gedir:

 

"Məlumdur ki, Fransa tamamilə ədalətsiz, qərəzli, beynəlxalq hüquqa zidd addımları ilə Azərbaycanı da özündən uzaqlaşdırır. Cənab Prezidentin çıxışında söhbət Azərbaycanın tanınmış ictimai xadimi, yazarı, xeyriyyəçisi Xurşidbanu Natəvanın Evian-Lö Bən şəhərindəki heykəlindən gedir. Heykəl vandalizm aktına məruz qoyulub və Fransa buna seyirçi qalıb. Dəfələrlə Qurani-Kərimin yandırılması, peyğəmbərlərimizə qarşı hörmətsizlik, islamofobiya, indi də azadlıq timsalı olan qadın heykəlinə qarşı özünü "azadlıq beşiyi" adlandıran bu ölkədə belə bir aktın baş verməsi haqlı tənqidlərə yol açdı. Cənab Prezidentin qeyd etdiyi də məhz budur. Azərbaycanın haqlı mövqeyini müdafiə etməyən Fransa uzun illər təcavüzə məruz qalmağımıza nəinki susub, həmçinin həmişə erməni terroru, vandalizmini dəstəkləyib. İndi isə özü bu vandalizmi davam etdirir. Hazırda Fransanın vaxtilə müsəlmanlardan taladığı maddi-mədəni, mənəvi sərvət hesabına özünü "azadlıqlar beşiyi" sayması absurddur".

 

Politoloq qeyd edib ki, Fransa hazırkı proseslərə müdaxiləsi ilə həm Azərbaycan, həm də Türkiyə ilə əlaqəni zədələyir:

 

"Azərbaycan həmişə Fransaya və digər Avropa ölkələrinə qarşı hörmətlə yanaşıb, əlaqələrin inkişafında maraqlı olub. Notr Dam kilsəsi yanan zaman Azərbaycan Fransaya, kilsənin təmiri üçün maddi yardım edib, hər zaman mədəni, siyasi əlaqələri müsbət yöndə inkişaf etdirməyə çalışıb. Ancaq Fransa erməni lobbisinin əlində alətə çevrilərək Azərbaycana qarşı qərəzli yanaşmasından əl çəkməyib. Hazırki proseslərə müdaxiləsi ilə həm Azərbaycan, həm də Türkiyə ilə əlaqələrini zədələyir. Bu mövqeyi ilə Fransa islamofobiya və türk dünyasına qarşı səlib yürüşünə çıxmaqla digər Avropa ölkələrini də çıxılmaz vəziyyətdə qoyur".

 

 

Fatimə Aslanova